2022-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artıb.
Mərkəzi Bankın məlumatına görə, bu məbləğ ilin əvvəlinə milli valyuta ekvivalentində 17 milyard 119,8 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 13 milyard 917,9 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Qeyd etdiyimiz kimi, son zamanlar banklar tərəfindən kredit verilişi artıb. Xatırladaq ki, 2015-ci ildəki devalvasiyadan əvvəl olduğu kimi, banklar yenidən əhaliyə aktiv şəkildə pul təklif etməyə başlayıb. Bu vəziyyət ekspertləri narahat edir. Onlar bildirir ki, bu cür aqressiv kreditləşmə devalvasiyadan sonra olduğu kimi yenidən Azərbaycanın bank sektoruna problem yarada, vaxtı keçmiş kreditlərin həcminin artmasına səbəb ola bilər.
Onu da vurğulayaq ki, bu gün banklardan istehlak krediti almaq elə də çətin deyil. Belə ki, regionlardan gəlib Bakıda kirayədə qalan adamlar belə 6 ay bir yerdə işləsə, maaşının azı 10 misli qədər kredit götürə bilir.
“Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycandakı iqtisadi aktivlik elə də yüksək olmadığı üçün banklar yenidən istehlak krediti verməyə meylləniblər”
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, bankların cəlbedici təkliflərinə baxmayaraq, bu gün həmin məbləğlər elə də əlçatan deyil və kredit təşkilatları ehtiyatlıdırlar: “Hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycandakı iqtisadi aktivlik elə də yüksək olmadığı üçün banklar yenidən istehlak krediti verməyə meylləniblər. Amma bu gün banklar kifayət qədər ehtiyatlıdırlar. Kredit vermək üçün daha çox əlində inzibati alətlər olan banklar fəallıq göstərir, məsələn, əmək haqqı hesabı nəzarətində olan şəxslərə böyük məbləğlər təklif edirlər. Çünki vətəndaş sabah krediti ödəməsə, bank onun əmək haqqı kartından bütün məvacibi tuta bilir. Əgər əmək haqqı kartı başqa banka məxsus olsa, bank problemli müştərini məhkəməyə verməlidir, bu proses isə illərlə davam edə bilər”.
Günel CƏLİLOVA