Ölkənin ən böyük tikinti şirkətlərindən biri olan “AAAF İnşaat” MMC-nin şok vergi borcu ortaya çıxıb. Məlumatlara görə, şirkətin dövlətə 27 mln. 155 min manat vergi borcu var.
Danılmaz faktdır ki, “AAAF İnşaat” MMC tikinti şirkəti baha qiymətə mənzil satan şirkətlərdən biridir. Maraqlıdır, baha qiymətə mənzil satan bir şirkət dövlətə borcunu niyə ödəmir?
“Tikinti şirkətlərinin vergiyə bu şəkildə borclanmasının səbəbi burada maliyyə şəffaflığının təmin edilməməsidir”
Iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, pandemiya ilə əlaqədar olaraq mənzil alanların sayı azalıb: “Müştəri sayının az olması tikinti şirkətlərinin gəlirliyinin azalmasına səbəb olur. Belə olduğu halda tikinti şirkətləri vergini ödəməkdə çətinlik çəkir. Məlumdur ki, bu gün mənzillərin satış qiyməti günü-gündən artır. Bu da mənzil satışına təsir edir. Şirkətlər daha çox qazanc əldə etmək istəyirlərsə, güzəştli şərtlərlə mənzilləri satışa çıxara bilərlər. Belə olarsa həm şirkətlərin gəliri artar, həm də onlar dövlətə olan vergi borcunu ödəyərlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tikinti şirkətlərinin vergiyə bu şəkildə borclanmasının səbəbi burada maliyyə şəffaflığının təmin edilməməsidir: “Maliyyə şəffaflığının təmin edilməməsi nəticəsində tikinti şirkətləri belə problemlərlə üzləşir və bu da onların gələcək müqəddaratını belə sual altında qoyur. Hesab edirəm ki, tikinti şirkətləri maliyyə xərclərində şəffaf olmalıdırlar”.
Ekspertin dediyinə görə, Vergi Məcəlləsinə əsasən 1 yanvar 2020-ci ildən bina tikintisinə başlamış şəxslər yalnız gəlir (mənfəət) + ƏDV vergisi ödəyicidir. Bu halda bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən əldə edilən gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra yaranan fərqdən 20 faiz dərəcə ilə mənfəət/gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Günel CƏLİLOVA