Palma yağının ziyanlı olması ilə bağlı yayılan fikirlər vətəndaşları illərdir narahat edir. Çünki marketlərdə satılan çox sayda şokolad və qidaların tərkibinə bu yağdan qatılır. Avropalı həkimlər bu yağdan istifadənin piylənmə və xroniki xəstəliklərin inkişafına gətirib çıxardığını deyir. Lakin istehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün səy göstərən istehsalçılar da var.
Qeyd etdiyimiz kimi, ölkəmizdə palma yağından istifadə edənlər artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr ayları ərzində respublikamıza 55 milyon 428 min dollar dəyərində 46 min tondan çox palma yağı idxal edilib. Bu məhsulun böyük hissəsi İndoneziyadan (34,8 milyon dollar məbləğində 29,953 min ton) və Malayziyadan (20,5 milyon dollar məbləğində 16,132 min ton) idxal edilib. Bəllidir ki, palma yağı ən ucuz yağ növlərindən biridir, ona görə də müxtəlif qida məhsulları istehsalçıları uzun müddətdir ki, ondan xammal kimi fəal şəkildə istifadə edir.
Avropanın əksər ölkələrdə zeytun yağının qadağan olunan, zeytunun qalıqlarından alınan “Pomace” növünü bu yağı istehsal edən ölkələr ucuz qıymətə Azərbaycana satır. Bakıda yerləşən marketlər də zeytunun “Pomace” növünün “endirim”lə satışını təşkil edirlər.
Ekspertlər bildirir ki, yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatlarının, dondurmanın istehsalçıları palma yağının istifadəsinə üstünlük verirlər. Qeyd edilən sahələrin müəyyən inkişafı palma yağına tələbatı da zaman-zaman artırmaqdadır. Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycanda qida sənayesində istehsal prosesinə zəif nəzarət bir sıra iş adamlarının fürsətdən istifadəsinə və palma yağını kərə yağı adı altında son istehlak üçün təqdim etməsinə səbəb olur.
“Bu, dünyada ən ucuz yağdır və çox maraqlı qüvvələr var ki, bu yağ MDB ölkələrində, o cümlədən Azərbaycanda o qədər də populyar olmasın”
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov bildirdi ki, Qida Təhlükəsizliyi Agentliyi ölkəyə gətirilən bütün ərzaq məhsullarının, o cümlədən palma yağının keyfiyyətinə nəzarət edir. Azərbaycanda satılan palma yağı isə tam təhlükəsizdir. Palma yağı iki növdür - yeyinti sənayesi və qeyri-ərzaq məqsədləri üçün, yəni texniki. Birincisi hər yerdə qida məhsullarında, hətta uşaq qidası istehsalında, o cümlədən Avropa ölkələrində istifadə olunur: “Bu, dünyada ən ucuz yağdır və çox maraqlı qüvvələr var ki, bu yağ MDB ölkələrində, o cümlədən Azərbaycanda o qədər də populyar olmasın. Ona görə də uzun illərdir ki, ona qarşı əsassız kampaniya aparılır. MDB bazarı böyükdür və hər bir istehsalçı və təchizatçı bu bazarda öz yerini tapmaqda çətinlik çəkir. İndi dünyada günəbaxan yağının qiyməti qalxdığı üçün palma yağı tədarükçülərinə təzyiq artıb”.
Günel CƏLİLOVA