Azərbaycan bankları informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqlarını nə qədər gizlətsə də, vətəndaşların internet üzərindən bank kartlarındakı pullarının oğurlanması barədə şikayətləri bu problemin mövcudluğuna dəlalət edir.
Son zamanlar sosial şəbəkələrdə bank müştərilərinin hesablarından özlərindən xəbərsiz pul silinmələri ilə bağlı məlumat yayılıb. Müştərinin xəbəri olmadan onun hesabından pul silinə bilərmi? Belə hal baş verirsə, günah kimdədir və bu vəziyyətdən çıxmaq üçün hansı addımları atmaq lazımdır?
Fuad İbrahimov: “Azərbaycanda müştərilərin kartına daxil olan elə bir qüvvə yoxdur, sadəcə olaraq dələduzlar mövcuddur”
İqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, təhlükəsizlik nöqteyi-nəzərindən banklar dünyanın ən müasir tələblərinə uyğun əhalinin hesablarının qorunmasına xidmət göstərir: “Məsələ bundadır ki, vətəndaşlar özləri bir az bu işlərə məsuliyyətsiz yanaşır. İstənilən məlumatları əldən vermiş ola bilirlər. Müxtəlif məxfi pin kodları qarşı tərəfdən gizli saxlamaq lazımdır. Bəzən vətəndaşlar hər hansı saxtakarın birinə bilmədən məlumat ötürmüş olurlar. Bu aspektdən araşdırma aparıldıqda məlum olacaq ki, həmin şəxsin pulunun oğurlanması onun birbaşa kiməsə gərəksiz etibarından irəli gəlib. Beləliklə, dələduzların qurbanına çevrilib”.
İqtisadçı onu da əlavə etdi ki, dünyada bir çox haker dəstələri var: “Onlar müəyyən vətəndaşların, hüquqi şəxslərin hesabına daxil olurlar, orada müəyyən köçürmələr edə bilirlər. Amma Azərbaycanda müştərilərin kartına daxil olan elə bir qüvvə yoxdur. Sadəcə olaraq dələduzlar mövcuddur. Onlar insanlara telefon zəngi, SMS, digər elektron daşıyıcılar üzərindən müraciət edib, aldadaraq müxtəlif yollarla kart məlumatlarını əldə edirlər. Vətəndaşlar bu istiqamətdə diqqətli olmalı, bank hesabları ilə bağlı şəxsi məlumatlarını hüquqi əsaslar olmadan kiməsə verməməlidir”.
Tural Əliyev: “Bankın öz mənafeyi naminə hansısa müştərinin hesabından pul silməsi qanunaziddir”
Bank mütəxəssisi Tural Əliyev bildirdi ki, kibercinayətkarlıqdan, dələduzluqdan danışılmırsa, bankın öz mənafeyi naminə hansısa müştərinin hesabından pul silməsi qanunaziddir, heç bir bank buna getmir və getməz: “Bunun səbəbi isə audit yoxlamaları zamanı üstünün açılmaq ehtimalıdır. Bank bunu eləməz, çünki bunu edən bankın proqram sistemidir, özü avtomatik tutulmalar edir. Məsələ odur ki, sistem bu pulu nəyə görə hesablayır. Burada bankın haqlı olduğu məqamlar da var. Məsələn, müştəri İngiltərədəki firmadan avro ilə mal alır, kartdan pul çıxılır. Amma həmin faylın prosesinq mərkəzlərində oxunması da var. Yəni bu gün həmin əməliyyatın faylı yaranır, bir gün sonra oxunanda konvertasiya fərqi yarana bilər. Bank bunun müştərinin xərci olduğunu bildiyi üçün həmin xırda məbləği müştəridən tutur. Həmin məbləğ də az olur”.
Günel CƏLİLOVA