“Bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik”. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir: “Biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik. Mən, həmçinin demək istərdim ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik. Bu, yaxşı göstəricidir və istehlakı böyük olmayan ölkələr üçün ciddi dəyişiklik ola bilər. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir”.
Görünən odur ki, yaxın perspektivdə Azərbaycanın hətta Avropa bazarına elektrik enerjisi ixrac ertmək imkanları reallaşa bilər.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən millət vəkili Aydın Hüseynov prinsipcə Azərbaycanın Avropaya da elektrik enerjisi ixrac etməsini istisna etmədi: “Məlum olduğu kimi, Azərbaycan neçə illərdir elektrik enerjisinə olan tələbatını daxili istehsal hesabına təmin edir. Bununla yanaşı, bir sıra region ölkəsinə - Rusiya, Gürcüstan, Türkiyə və İrana elektrik enerjisi ixrac edir. O da məlumdur ki, Avropada enerjiyə olan tələbat sürətlə artır. Baxmayaraq ki, Avropa ölkələri müxtəlif alternativ enerji mənbələrindən geniş istifadə edirlər. Ancaq sənayenin inkişafı və digər faktorlar Avropanın enerjiyə olan tələbatını artırır. Bu da enerji daşıyıcılarının idxalını artırır. O baxımdan Avropanın enerji təhlükəsizliyində Azərbaycan strateji olaraq iştirak edəcək. Söhbət ondan gedir ki, təkcə neft və qaz Avropa bazarına ixrac edilməyəcək. Eyni zamanda, elektrik enerjisinin də ixracı istisna olunmur. Çünki ölkəmizdə yerli və xarici investorlar hesabına həyata keçirilən bir sıra layihələr istehsalın daha da artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində daxili tələbatı ödəməklə yanaşı, daha çox elektrik enerjisi ixrac etməyə imkan verəcək”.
Millət vəkili hesab edir ki, Avropaya elektrik enerjisi ixracı mütləq reallaşacaq.
Vidadi ORDAHALLI