Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq layihələrdən biri də “Lombardlar haqqında” qanundur.
Ehtimal edilir ki, lombardlar haqqında qanun qəbul ediləcək və faktiki olaraq Mərkəzi Bank onların fəaliyyətinə nəzarət edəcək.
Ekspertlər bildirir ki, lombardlar Mərkəzi Bankın nəzarətinə verildikdən sonra bu sahədə yaşanan qanunsuzluqların qarşısı alınacaq. Lombardların lisenziyalaşdırılması gündəmdədir. Lombardlar lisenziya ilə fəaliyyət göstərməli olacaqlarsa, bu onların sayına təsir edəcək.
Qeyd edək ki, lombardlar əsasən qızıl-zinət əşyalarını girov götürərək vətəndaşlara kiçik məbləğli kreditlər verirlər.
İqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, “Lombardlar haqqında” layihəni vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı. Sonra onun səlahiyyətləri Mərkəzi Banka keçdi: “O da bir növ bu qanunun arxasınca getmədi. İkinci tərəfdən, lombard sahiblərinin yaxşı lobbisi var. Onlar qanunun qəbul olunmasına mane olurlar. Azərbaycanda lombardlar təsəvvür etməyəcəyimiz səviyyədə bir bəladırlar. İnsanların həyatına, ailəsinə qəsd edən qurumlara çevriliblər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qüvvədə olan qanunvericiliyə əsasən, bu gün lombardlar öz vəsaitləri hesabına vətəndaşlara kredit verməlidir. Ancaq lombard sahiblərinin öz pulu olmadığı üçün digər vətəndaşlardan faiz qarşılığında borc alırlar: “Onların nizamnamə kapitalına baxsanız, 5-10 manat, maksimum 200 manatdır. Öz pulları yoxdur deyə digər vətəndaşlardan faizlə - aylıq 3-5%-lə borca pul cəlb edirlər. Belə pul cəlb etməyin özü qanunsuz bank fəaliyyətidir. Qanunvericiliyə əsasən, bank fəaliyyəti ilə yalnız kredit təşkilatları məşğul ola bilər.
Danılmaz faktdır ki, lombardların bəziləri isə bir müddət fəaliyyət göstərdikdən sonra bağlanır və sahibləri üzə çıxmırlar. Bununla onlar həm əmanətləri yeyirlər, həm də oraya qoyulan qızılları. Bir sözlə, bu sahə tam nəzarətsizdir. Ona görə də yeni qanun qəbul olunmalıdır.
Lombarda girov kimi qoyulan əşyaların sığortalanmasının mümkünlüyü inandıcı görünmür. Ancaq yeni qanun layihəsində lombardların bank olmayan kredit təşkilatlarına bərabər tutulması, onların lisenziyalaşdırılması nəzərdə tutulub. Bununla onların fəaliyyətinə nəzarət oluna bilər”.
Günel CƏLİLOVA