“Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib”.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, təkcə keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib: “Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək. Bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur”.
Prezident onu da qeyd edib ki, hasilatı artırmağı planlaşdırırıq: “Qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir”.
Görünən odur ki, yaxın dövrlərdə Avropa bazarında daha çox Azərbaycan qazı ixrac olunacaq. Bu baxımdan ölkəmizin rolunun daha da artmasını ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Avropa bazarında Azərbaycan qazının müştərilərinin artması çox önəmli məqamdır: “Bu, o deməkdir ki, Avropa öz enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana xüsusi önəm verir. Düzdür, hələlik faiz baxımından ölkəmizin payı elə də böyük deyil. Qeyd edim ki, Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın ümumi payı 2 faizdir. Ancaq məsələ ondadır ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinə əsas alternativ mənbə kimi baxır. Niyə? Birincisi, Azərbaycan Xəzərdəki yataqlardan qaz hasilatını artırır. Prezident İlham Əliyev çıxışında yeni yataqlardan söz açdı və qeyd etdi ki, hasilat artacaq. Xüsusən də Şərqi və Cənubi Avropa ölkələrinin tələbatı əsasən Azərbaycan qazı hesabına təmin ediləcək. Yeni alıcı qismində əsasən həmin ölkələr çıxış edir. İkincisi, Türkmənistanın da CQD ilə Avropaya qaz ixrac edəcəyi ehtimalı böyükdür. Mütləq deyil ki, türkmən qazı Xəzərin dibi ilə çəkiləcək boru kəməri ilə ötürülsün. Məlum olduğu kimi, TransXəzər layihəsinin reallaşacağı hələ bəlli deyil. Fikrimcə, Türkmənistan İran vasitəsi ilə CQD çərçivəsində Avropaya qaz ixrac edəcək. Ötən il 3 ölkə arasında imzalanan svop razılaşması bunu deməyə əsas verir. İrana qarşı sanksiyalar dayandırılandan sonra bu istiqamətdə səylər artacaq. Avropa Türkmənistanın böyük qaz ehtiyatlarına sahib olmasının fərqindədir. Bütün bunlar təbii ki, Azərbaycanın xeyrinədir. Çünki qaz ixracı ilə yanaşı, ölkəmizin tranzit əhəmiyyəti daha da artacaq. Bütün bunlar təkcə iqtisadi dividentlər vəd etmir. Söhbət həm də siyasi və geosiyasi dividentlərdən gedir. Hansı ki, regionda dayanıqlı sabitliyə və təhlükəsizliyə töhvə verəcək”.
Bu baxımdan ekspert Avropaya qaz ixracının ciddi dividentlər vəd etdiyi qənaətindədir.
Vidadi ORDAHALLI