Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Subsidiya almaq üçün fermerlər öz bəyanlarını vaxtında verməlidirlər.
Məlumat üçün qeyd edək ki, fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) öz əkinlərini bəyan etməsi kifayətdir.
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat) məhsul subsidiyası alacaqlar.
Həmçinin, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, subsidiyaların qısa vaxtda ödənilməsinə imkan yaradacaq. Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.
Ümumiyyətlə, fermerlər həm subsidiyanın məbləğinə, həm də təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alınacağı onların narazılığına səbəb olub.
“Pambıq taxıl deyil ki, strateji məhsul kimi həcminə görə subsidiya ayrılsın”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, subsidiyanın məhsulun həcminə görə verilməsi düzgün deyil: “Nəzərə almaq lazımdır ki, məhsulun yetişdirilməsi üçün lazım olanların qiyməti qalxıb. Pambıq taxıl deyil ki, strateji məhsul kimi həcminə görə subsidiya ayrılsın. Məlumdur ki, dünyada pambığın qiymətləri kəskin bahalaşıb. Bu da fermerlərin gəlirinin artmasına səbəb olmalıdır.
Fermerlərə subsidiya vermək üçün onları çox sıxırlar. Bir müddət öncə belə bir məlumat yayıldı ki, sığortalanmayan fermerlərə subsidiya verilməyəcək. Əvvəla, sığortasız fermerlərin subsidiyadan məhrum edilməsi məhsul istehsalına müəyyən mənfi təsir göstərəcək. Çünki istər-istəməz bu, onların fəaliyyətinə təsir edəcək. Fermerlər müxtəlif səbəblərdən əkin sahəsini sığortalamaq istəmir. Bir səbəbi odur ki, fermer gəlir götürmədən əkin sahəsini sığortalamaq istəmir. Elə fermrlər var ki, qabaqcadan bunu etməyə imkanı yoxdur. Elələri də var ki, risqə getmək istəmir”.
Günel CƏLİLOVA