Yerli banklarla müştərilər arasında baş verənlərdən belə nəticəyə gəlmək olur ki, banklar vətəndaşa xidmət etmək üçün yox, onu soymaq üçündür. Bir sıra hallarda eşidirik ki, Azərbaycanda bankalara əmanət qoymaq istəyən vətəndaşların sayı elə də çox deyil. Bu da səbəbsiz deyil.
Vətəndaşlar deyirlər ki, banklar vətəndaşa banka qoyduqları əmanətlərə görə az faiz ödəyir, bu heç 10 faizi aşmır. Amma banklar vətəndaşa krediti 25 faizlə verir. Yəni vətəndaşa banka qoyduğu əmanətə görə 10 faiz ödənilir, amma 25 faizə kredit verir.
Bankların 25 faizlə kredit verib 10 faizlə isə əmanət faizi verməsi nə deməkdir? Bank 15 faiz, vətəndaş isə 10 faiz pul qazanır. Niyə belə olmalıdır?
“Bankların sığortalanmaya görə 10 faizə depoziti qəbul etməsi ölkədə ədalətsiz görünən qərardı”
İqtisadçı ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, faiz dərəcələrini banklar özləri müəyyənləşdirmir. “Bankların faiz dərəcəsini dolayısı olaraq Azərbaycan Mərkəzi Bankı müəyyənləşdirir. Yəni əmənatlərin Zəmanət Fondunda sığortalanması üçün maksimum məbləğ 12 faiz müəyyənləşirilib. Ona görə də vətəndaşlar vəsaitlərin zəmanətli olması üçün bankın təklif etdiyi 10-12 faizlə kifayətlənməli olurlar. Burada qayda belədir, 30 min manat maksimum 12 faizə qədər faiz dərəcəsi ilə depozit olaraq yerləşdirilirsə, avtomatik olaraq Əmanətlərin Sığortalanması Fondunda həmin əmanət sığortalanır. Əgər 30 min manatdan yuxarı məbləğ varsa, yaxud bankla razılaşıb depozitə 15 faizə əmanət qoyursa bu zaman artıq Əmanətlərin Sığortalanması Fondunda bu əmanət sığortalanmır. Yəni bu dolayısı yolla Mərkəzi Bankın, ümumiyyətlə dövlətin bank siyasətinin bir hissəsidir. Bu qaydaları birbaşa hökümətin bank siyasəti müəyyənləşdirir”.
A.Nəsirlinin sözlərinə görə, banklar vətəndaşa 15-16 faiz təklif edirsə əvəzində vətəndaşın pulu sığortalanmır və vətəndaş da pulunu qorumaq üçün məcburiyyət qarşısında qalıb 10-12 faizi seçir: “Bu səbəbdən də vətəndaşlar pullarını sığortalamaq üçün bankların təklif etdiyi 10-12 faizlə razılaşırlar. Bankların sığortalanmaya görə 10 faizə depoziti qəbul etməsi ölkədə ədalətsiz görünən qərardı. O vəsaitləri də 18, 20, 25 faizlə kredit şəkilində müştərilərə təqdim edir. Burada məsələ belədir. Bankların kredit məsələsinə gəlincə, hazırda Azərbaycanda kredit portfelinin təxminən 70-80 faizi banklarda depozitə qoyulmuş əmanətlər hesabına formalaşır. Bankların 10 faizə aldıqları, əldə etdikləri pul o qədər də ucuz pul hesab edilmir. Bu pullur ucuz olmadığına görə, kreditlər də banklarda bu cür başa gəlir. Təxminən 10 faizə əmanətlər qoyulur, hardasa 1,5, 2 faiz kreditin sənədləşdirilməsi xərcləridir, 5 faiz Mərkəzi Bankın hər bir kreditə görə aldığı xidmət haqqıdır...”-deyə A.Nəsirli qeyd edib.
İradə SARIYEVA