Son vaxtlar Azərbaycanda dollar alışı artıb. Manatın alıcılıq qabiliyyətində isə azalma var. Dollar satışının artması mart ayında xarici valyutanın məzənnəsinin manata nisbətdə artacağı ilə əsaslandırılır. Bu səbəbdən sahibkarlar və bazar iştirakçıları ehtiyat üçün dollar almaqda davam edirlər.
Məlumat üçün bildirək ki, hələki Mərkəzi Bank bazarda ABŞ dollarının xüsusi çəkisini artırmaqla, manatın məzənnəsinin stabil qalmasına çalışır. Növbəti aylarda isə milli valyutanın məzənnəsinin taleyi sual altındadır.
Bütün bunları ölkədə devalvasiya risqinin artdığı ilə əlaqələndirə bilərikmi?
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda fiziki şəxslərin banklardakı depozitləri yenidən böyüyərək 2021-ci ilin dekabrında 9 milyard 241.5 milyon manata çatıb: “Fiziki şəxslərin depozitlərinin 5 milyard 452 milyon manatı milli, 3 milyard 789 milyon manat ekvivalenti isə xarici valyutada olub. Manatda cəlb edilmiş vəsaitlərin həcmi son ayda artsa da, xarici valyutada azalıb. Beləliklə, fiziki şəxslərin depozitlərində milli valyutanın payı 58%-dən 59%, xarici valyutanın payı isə 42%-dən 41%-ə qədər azalıb.
Azərbaycanda depozitlərin 5 milyard 339 milyon manatı müddətli (yəni illik faiz gəlirli) depozitlər təşkil edir. Bu ötən ilin əvvəlində 4 milyard 752.5 milyon manat olmuşdu. Müddətli əmanətlər son ayda 1.53%, illik isə 11.48% artıb.
Hazırda manatın alıcılıq qabiliyyəti 2020-ci illə müqayisədə 2021-ci ildə 11% illik ifadədə düşüb, inflyasiya baş tutub. Bu o deməkdir ki, əksər depozitlər illik müqayisədə dəyər baxımından nəinki gəlir gətirib, hətta zərərə gedib. Çünki Azərbaycanda fiziki şəxslər üçün depozitlərin illik ödəniş faizi maksimumumu 11%-ə hətta çatmır, ondan aşağıdır. Xarici valyutada isə 1.35% olub.
Milli valyuta inflyasiyaya uğrayırsa, onun devalvasiyaya məruz qalmsı ehtimalı güclənir. Amma Azərbaycanda bu ehtimal aşağıdır. Çünki bizim valyuta gəlirlərimiz neftə bağlıdır. Xaricə neft satırıq və xarici valyuta əldə edirik.
Azərbaycan isə inflyasiyaya baxmayaraq valyuta ehtiyatlarımızın hesabına manatın məzənnəsini qoruya bilir. Valyuta ehtiyatlarımız olmasa, bu dəqiqə devalvasiya baş verərdi.
İnflyasiya prosesi uzunmüddətli olsa, əvvəl-axır devalvasiya baş verəcək. Amma hələki yaxın aylar üçün bu, görünmür”.
Məhəmmədəli QƏRİBLİ