Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atmağa çalışan Azərbaycan ötən ili kifayət qədər uğurlu makroiqtisadi göstəricilərlə başa vurub. 2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın təqribən 60 %-i ərzaq inflyasiyasının payına düşüb. Beləliklə ərzaq məhsullarının qiymətində 8,1 % həddində artım qeydə alınıb.
Ərzaq təhlükəsizliyinin təmin olunması, inflyasiyanın qarşısının alınması üçün nağdsız ticarətin həcmi genişləndirilməlidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, iri ticarət mərkəzləri, iaşə obyektləri,dükanlar hələ də elektron ödəniş üsuluna keçməyib. Ekspertlər bildirir ki, nağdsız ödənişlərin həcminin artması inflyasiyanın qarşısını almaqda böyük rol oynaya bilər.
Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə bildirdi ki, POS-terminalı olmayan və ya müəyyən səbəblər göstərərək təqdim etməyən sahibkarlar cəzalandırılmalıdır: “Bu, istehlakçının hüququnun pozulması deməkdir. POS-terminalların istifadəsinin məcburiliyi və bundan istifadə edilməməsinə görə əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, cərimələrin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki bu halda sahibkar POS-terminaldan istifadə etmək məcburiyyətində qalacaq və vətəndaş öz plastik kartından sərbəst şəkildə istifadə edə biləcək. Nəticədə qeyri-nağd ödənişlərin artması dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərəcək. Fiskal gəlirlərin artmasına və bütövlükdə gizli iqtisadiyyatın leqallaşdırılmasına xidmət edəcək. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər davam etdirilməlidir”.
Ekspert onu da əlavə etdi ki, ticarət mərkəzləri, iaşə obyektləri nağdsız ödənişə üstünlük verməlidir. Nağdsız ödənişdən yayınan obyektlər vergidən də yayınır. Bu səbəbdən də həmin dükan, iaşə obyektləri ilə bağlı sərt cəzalar tətbiq edilməlidir.
Günel CƏLİLOVA