Dünya iqtisadiyyatı pandemiyanın təsiri ilə geriləmələr və artan inflyasiya təzyiqləri ilə üz-üzədir. Azərbaycan ötən ili yüksək iqtisadi nəticələrlə başa vursa da, bəzən qlobal tendensiyaların təsiri qaçılmaz olur. Bu təsiri azaltmaq, konkret olaraq inflyasiyanın qarşısını almaq üçün anti-inflyasiya tədbirlərinə start verilib.
Bu gün ölkəmizin ərzaq təhlükəsizliyi və əhalinin ərzaq təminatı ilə bağlı əsas hədəfləri strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsi, taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsidir. Bu hədəf də açıqlanır ki, əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq, ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır.
Onu da qeyd edək ki, ölkənin taxıl məhsulları ilə etibarlı təminatı həm də yeni yaradılmış “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi”nin tabeliyinə verilmiş Dövlət Taxıl Fondunun səmərəli fəaliyyətindən asılı olacaq. Dövlət Ehtiyatları Agentliyinə ölkənin taxıl məhsulları ilə etibarlı təminatı istiqamətində görüləcək işlərin indidən müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması barədə tapşırıqlar verilib.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, inflyasiyanın qarşısının alınması, əhalinin qida məhsulları ilə təminatını yaxşılaşdırmaq üçün Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Bu Agentlik qeyd edilən problemlərin həlli ilə bağlı hansı işlər görüb və görməlidir?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, Dövlət Ehtiyatları Agentliyinin yaradılmasında məqsəd ölkədə ərzaq təhlükəsizliyini təmin etməkdir: “Nəzərə almaq lazımdır ki, ölkənin yerli buğda istehsalı daxili tələbatın heç 58 faizini ödəyə bilir. Ölkənin ərzaq təhlükəsizliyi üçün ərzaq buğdasının 40 faizi idxaldan asılıdır. İdxaldan asılılıq öz həllini taparsa bu sahədə yaşanan problem demək olar ki, həll olunar”.
Ekspert onu da əlavə etdi ki, Prezident İlham Əliyev Ukraynada olarkən xaricdən torpaq sahələrinin icarəyə götürülməsi məsələsini müzakirə etmişdi: “Bu olduqca mühüm məsələdir. Xarici ölkələrdə ölkəmiz üçün icarə torpaq sahələri götürülməsi ərzaq buğdası istehsalı və tədarükü baxımından vacibdir. Bu cür addımların atılması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sarıdan şərait yaradacaq”.
Günel CƏLİLOVA