Türkiyənin məşhur elektron ticarət platforması – “Trendyol” məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdıracaq. Bu barədə şirkətin prezidenti Çağlayan Çətin məlumat yayıb.
Onun sözlərinə görə, bu məqsədlə məhsullarının əsas satış bazarları olan Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri və anbarlar yaradılacaq: “Platformamızda hər bölgədən minlərlə satıcı var. Satdığımız malların 75 %-i Türkiyədə istehsal olunur. Məqsədimiz Türkiyə məhsullarını Avropa və Yaxın Şərq ölkələrində müştərilərin qapısına çatdırmaqdır. Biz bu məhsulların elektron ixracının texnoloji və logistika infrastrukturuna böyük sərmayə qoyacağıq, bununla da istehsalçıları 500 milyon müştəri ilə görüşdürəcəyik. Bunun üçün platformamıza alman və ərəb dilləri də əlavə olunacaq. Gələcək 5 ildə həm ölkə daxilində, həm də xaricinə 5 milyard dollar investisiya qoymağı planlaşdırırıq. Bu əməliyyatlar üçün xaricdə şirkətlər alınmasını da nəzərdən keçiririk. Bəzi sərmayələri isə sıfırdan edəcəyik. İnvestorlarımız da bizə inanır və öz sərmayələri ilə bizi dəstəkləməyə hazırdırlar”.
Qeyd edək ki, ölkəmizdə məşhur elektron ticarət platforması olan “Trendyol” məhsullarının müştərisi çoxlu saydadır. “Trendyol”un məhsullarını birbaşa sifarişçiyə çatdırması yerli karqo şirkətlərinin işinə təsir edəcək. Məlumdur ki, son zamanlar yerli karqo şirkətləri ilə bağlı çoxlu sayda şikayət və narazılıqlar var. Məhsulun vaxtında çatdırılmaması, sifariş edilən məhsulun yerinə başqasının gətirilməsi və digər şikayətlər olurdu. Adıçəkilən məşhur şirkətin məlum qərarı yerli karqo şirkətlərinin “bazarını bağlayacaq”.
“Yerli karqo şirkətləri “Trendyol”la rəqabətə görə öz qiymətlərində və göstərdikləri xidmətlərdə daha uğurlu təkliflər etməlidirlər”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, “Trendyol" kifayət qədər populyar bir şirkətdir, Azərbaycanda da tanınır: “Onun məhsulu müştəriyə birbaşa çatdırması barədə qərarı, təbii ki, Azərbaycandakı karqo şirkətlərinə mənfi təsir göstərəcək. Onlar da “Trendyol”la rəqabətə görə öz qiymətlərində və göstərdkləri xidmətlərdə daha uğurlu təkliflər etməlidirlər ki, vətəndaşların yerli karqo şirkətlərindən istifadə etmələri üçün əsas yaransın”.
Günel CƏLİLOVA