Məlum olduğu kimi, yaxın həftələrdə Türkiyə Azərbaycanla 1 milyard avroluq (1,14 milyard dollar) valyuta mübadiləsi sazişi imzalamağa yaxındır. Sazişə əsasən Azərbaycan Türkiyəyə dollar satacaq.
Bu barədə məsələ ilə tanış olan iki Türkiyə rəsmisi “Middle East Eye”ə bildirib.
Təklif olunan saziş Türkiyənin sabit valyuta ehtiyatlarını gücləndirmək üçün son vaxtlar etdiyi bir neçə valyuta svop sövdələşmələrindən biridir. Yüksək rütbəli türk rəsmisi MEE-ə bildirib ki, sövdələşmə demək olar hazırdır: “Sadəcə, bürokratiya zaman tələb edir”.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının xəzinəsini tükəndirən valyuta böhranı fonunda çərşənbə günü Türkiyə Birləşmiş Ərəb Əmirlikləri ilə təxminən 5 milyard dollarlıq valyuta mübadiləsi sazişi imzalayıb. Onu da qeyd edək ki, Türkiyə mərkəzi bankının xalis beynəlxalq ehtiyatları keçən ay mənfi 56 milyard dollara düşüb ki, bu da bankın lirəni sabitləşdirmək üçün bir sıra sərt valyuta satışından sonra 2002-ci ildən bəri ən aşağı göstəricidir.
Maraqlıdır, sözügedən saziş imzalanandan sonra bu prosesin Azərbaycan iqtisadiyyatına nə kimi təsiri olacaq?
“Bunun Azərbaycan iqtisadiyyatına hansısa mənfi təsiri olmayacaq”
Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, belə bir razılaşma imzalanarsa, bunun Azərbaycan iqtisadiyyatına hansısa mənfi təsiri olmayacaq. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əvvəla, dünya praktikasında ölkələrin sabit valyuta ehtiyatlarını gücləndirmək məqsədi ilə svop sövdələşmələr imzalanması praktikası var. Yəni, bu, yeni bir şey deyil. O baxımdan Türkiyə dünya praktikasından çıxış edərək lirənin məzənnəsini sabit saxlamaqdan ötrü belə addımlar artır. Məlum olduğu kimi, ötən il lirənin dollara görə məzənnəsi xeyli ucuzlaşıb. Bu da Türkiyədə inflyasiyanın yüksəlməsinə səbəb olub. Düzdür, bunun müəyyən xeyridə var. Xeyri odur ki, ixracı stimullaşdırır. Türkiyə böyük dövlət olduğuna görə, orada bir sıra məhsullar istehsal və ixrac olunur. Ancaq lirənin davamlı olaraq ucuzlaşması sərfəli deyil. Çünki ölkənin valyuta ehtiyatları azalır. Bu səbəbdən hökumət bunu önləmək üçün bir sıra addımlar atır. Azərbaycanın 1 milyard dollardan çox valyutanı Türkiyəyə mübadilə əsasında satmasının iqtisadiyyata hansısa mənfi təsiri olmayacaq. Çünki bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Nəzərə almaq lazımdır ki, burada söhbət valyutanın mübadiləsindən gedir. Yəni dollar müqabilində avro alacağıq”.
O baxımdan professor hesab edir ki, hansısa narahatlığa əsas yoxdur.
Vidadi ORDAHALLI