Bizim neft hasilatımız barədə proqnoz - hesabatı niyə ABŞ verməlidir? - Özümüz bacarmırıq?..

Rəsul Cahangirli: “Bizdə sözügedən sahə ilə məşğul olan qurumlar bu kimi məsələlərlə bağlı adekvat fəaliyyət ortaya qoya bilmir”

img

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatı yayılıb. Hesabatda deyilir ki, 2022-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,74 milyon barrel/sutka səviyyəsində gözlənilir.

Bu proqnoz əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

O cümlədən qeyd edilib ki, 2022-ci ildə rüblük hasilat birinci rübdə 0,73 milyon, ikinci, üçüncü və dördüncü rübdə 0,74 milyon barrel/sutka səviyyəsində proqnozlaşdırılır. 2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,71 milyon barrel/sutka olacaq. Gələn il rüblük hasilat birinci rübdə 0,72 milyon ikinci rübdə 0,71 milyon, üçüncü rübdə 0,7 milyon, dördüncü rübdə isə 0,72 milyon barrel/sutka təşkil edəcək.

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barrel təşkil edib. EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barrel/sutka təşkil edib.

Məsələnin təəccüb doğuran tərəfi odur ki, Azərbaycanın nə qədər neft hasil edəcəyini hansısa ölkənin qurumu proqnozlaşdırır. Halbuki, ilk öncə bizim qurumlar bu barədə proqnozlarla çıxış etməlidir. Çünki neft Azərbaycanda hasil olunur və hamıdan əvvəl biz bilməliyik ki, nə qədər neft çıxarılacaq, hasilat hansı ildə nə qədər azalacaq və s. Ancaq təəssüflər olsun ki, biz bunun əksini görürük. ABŞ-ın Energetika Nazirliyi hər il Azərbaycanın neft hasilatı ilə bağlı proqnoz verir. Qəribəsi həm də odur ki, bu proqnozların nə dərəcədə doğru olub-olmamasına da bizim qurumlar hansısa reaksiya vermir. Bir dəfə bəyan olunmayıb ki, verilən proqnoz düz deyil.

  • “Ən yaxşı halda, ilin yekunları ilə bağlı hesabatla işlərini bitmiş hesab edirlər”

Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli bunun səbəbini bizdəki qurumların səriştəsizliyi ilə əlaqələndirdi: “Problem ondadır ki, bizdə sözügedən sahə ilə məşğul olan qurumlar bu kimi məsələlərlə bağlı adekvat fəaliyyət ortaya qoya bilmir. Nə Energetika Nazirliyi, nə də SOCAR gərəkən açıqlamalarla çıxış edir. Ən yaxşı halda, ilin yekunları ilə bağlı hesabatla işlərini bitmiş hesab edirlər. Yəni ötən il filan həcmdə neft və qaz hasil olundu, vəssalam. İş bundan ibarətdir. Ancaq bizdən fərqli olaraq, digər ölkələrdə bu belə deyil. Perespektiv yataqlar, oradakı hasilat potensialı və bunun nə zaman reallaşacağı ilə bağlı konkret məlumatlar verilir. Bizdə bu olmadığına görə, Azərbaycanla bağlı məlumatları hansısa enerji qurumlarının hesabatlarından öyrənirik. ABŞ Energetika Nazirliyi təkcə Azərbaycanla bağlı deyil, digər neft-qaz hasilatçısı olan ölkələrlə bağlı da belə proqnozlar verir. Bu proqnozlar müxtəlif parametrlərə əsasən hesablaanaraq hazırlanır. Azərbaycanla bağlı məlum göstəricilər isə ilbəil neft hasilatının azalmasına əsasən hesablanır. Bu il hasilatın 30 milyon tondan aşağı düşəcəyi güman olunur. Ancaq nəzərə almaq lazımdır ki, kəşf olunan digər yataqlarda iş gedir. Ola bilsin ki, bu, hansısa mərhələdə hasilatın artmasına gətirib çıxarsın”.

Bir sözlə, ekspert hesab edir ki, müvafiq qurumlar bu kimi məsələləri nəzərə almalıdır.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər