Banklar dolların bahalaşması ətrafında əməlli-başlı spekulyasiyaya başlayıb…

Əkrəm Həsənov: “Banklar dolları Mərkəzi Bankdan 1.7 manata alır, özləri isə istənilən qiymətə sata bilər”

img

Azərbaycanda bankların dollar alışı qiyməti qalxıb, satış qiymətləri isə eyni qalıb. Hazırda 15 bank dolları 1.7 manatdan alır. Qeyd edək ki, daha əvvəl alışlar 1.68-1.69 civarı olurdu. Satışlar isə 1.7020-1.7025 arasıdır.

İqtisadçı ekspert Samir Əliyev bəzi banklarda dolların alış qiymətinin qalxması barədə məlumat paylaşıb. İqtisadçı bildirib ki, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

Onun sözlərinə görə, dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil: “İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instinkti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlı məsələ odur ki, satış bahalaşmayıb. Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub”.

  • “Banklar öz aralarında daimi rəqabətdə olduqlarına görə qiymətləri çox artıra bilmir, bir-birinə yaxın qiymət təyin edirlər”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, hazırda Azərbaycan Mərkəzi Bankında dolların məzənnəsi 1.70 manatdır: “Bankların məzənnəsi bu göstəricidən fərqlənə bilər. Əvvəllər Azərbaycan Mərkəzi Bankı dolların qiyməti ilə bağlı məhdudiyyət tətbiq etmişdi. Həmin məhdudiyyətlərə görə, digər banklarda məzənnə yalnız 2 faiz fərqlənə bilərdi, daha sonra rəqəmi 4 faizə qaldırdılar. Hazırda isə Mərkəzi Bank bu mövzuda heç bir Azərbaycan bankına məhdudiyyət tətbiq etmir. Bu o deməkdir ki, banklar dolları Mərkəzi Bankdan 1.7 manata alır, özləri isə istənilən qiymətə sata bilər. Sadəcə, banklar öz aralarında daimi rəqabətdə olduqlarına görə qiymətləri çox artıra bilmir, bir-birinə yaxın qiymət təyin edirlər”.

Ekspert hesab edir ki, Mərkəzi Bank az dollar satarsa, məzənnə qalxa bilər: “Hazırki durumda Mərkəzi Bankda belə hal müşahidə edilmir. Düzdür, 2 ildir dollar alışına Azərbaycanda nisbətən məhdudiyyət var və hər vətəndaşa 20 min manatlıq limit qoyulub. Bunun özü qanunsuzdur və ondan xəbər verir ki, manatın məzənnəsi ilə bağlı problem var. Bu problemlə əlaqədar qanunsuz mexanizm irəli sürərək valyuta ehtiyatını qorumaq istəyirlər və faktiki olaraq bu, məzənnəni sabit saxlamağa kömək olur. Qaldı ki, artım məsələsinə heç bir ciddi problem yoxdur. Bu cüzi artım heç nədən xəbər vermir, narahat olmaq lazım deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər