“Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır”. Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib.
Ölkə başçısının sözlərinə görə, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir: “Həm Azərbaycanda, həm də dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq”.
Bütün bu deyilənlərin fonunda olmazmı ki, işğaldan azad edilən rayonların bərpasına xaricdən də investisiya cəlb olunsun? Bu investisiya hansı şərtlərlə cəlb oluna bilər ki, Azərbaycana faydalı olsun? Düzdür, Azərbaycanın işğaldan azad olunan rayonları bərpa etməyə maliyyə imkanları var və bu, ümumən çox yaxşı haldır. O mənada ki, kimdənsə asılı deyilik, amma hər halda azad edilən rayonların bərpasına xaricdən sərmayə cəlb olunsa, bu heç də pis olmaz. Ən azından ona görə ki, bütün yük dövlətin üzərinə düşməz. O baxımdan, hansı şərtlərlə xaricdən vəsaitlər cəlb oluna bilər? Yaxud da azad olunan rayonların yalnız Azərbaycanın dövlət büdcəsinin, ehtiyat fondunun vəsaitləri hesabıına bərpa olunması nə qədər bizim üçün uzunmüddətli strategiya ola bilər?
“Vergi, korrupsiya olmamalıdır, şəffaflıq təmin edilməlidir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim, professor Əli Əlirzayev bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, xaricə sərmayəni bərpa işlərinə cəlb etmək üçün bir sıra işlər görülməlidir: “Əvvəla, bununla bağlı xarici investorlara ciddi zəmanət verilməlidir. Bu olmadan xarici sərmayədar vəsait qoymağa risq etməz. Eyni zamanda, bərpa prosesinə xarici sərmayədarları cəlb etmək üçün müxtəlif təşviqat işləri aparılmalıdır. Çünki onların mənfəəti olmasa bu işə pul qoymazlar. Ona görə də həmin ərazilərdə azad iqtisadi zonalar yaradılmalıdır və xüsusi vergi güzəştləri tətbiq edilməlidir. Bir müddət həmin rayonlara pul yatıran xarici investorlar bütün vergilərdən azad edilməlidir. Nəticədə onlar da sözügedən quruculuq işlərinə vəsait qoymaqda maraq olacaqlar. Necə deyərlər, vergi, korrupsiya olmamalıdır, şəffaflıq təmin edilməlidir. Xaricə sərmayədarın mənfəəti olarsa, o zaman bərpa və quruculuq işlərində iştirak edəcəklər. Ona görə də çoxsaylı cəlbedici stimullaşdırıcı işlər görülməlidir. Yoxsa sadəcə arzulamaqla xarici sərmayə ora gəlməz. Azad olunan əraziləri yalnız Azərbaycanın vəsaitləri hesabına da bərpa etmək olar. Ancaq bu zaman daha bir neçə il gözləməliyik. Üstəlik bu, perspektivdə ölkənin strateji valyuta ehtiyatlarının kəskin azalmasına səbəb ola bilər”.
Bu səbəbdən professor hesab edir ki, bütün vasitələrdən kompleks şəkildə istifadə edilməlidir.
Vidadi ORDAHALLI