Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, nizamnamə fondu 60 milyon 500 min manat təşkil edən qurumun Nizamnaməsi də təsdiq edilib.
Qeyd edək ki, agentlik sənaye parklarının, məhəllələrinin və aqroparkların (iqtisadi zonalar) fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyət istiqamətləri müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək, iqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etməkdir.
Ekspertlər bildirir ki, agentliyin yaradılması ilə yeni iqtisadi zonalar yaradılacaq.
“Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək: “Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir. Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiya baxımından da vacibdir”.
Günel CƏLİLOVA