Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam verib. Prezident Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilir. 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilir və aztəminatlı ailələrə yardım üçün 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılıb.
Aztəminatlı ailələr üçün 100 manat birdəfəlik Prezident yardımı bayram ərafəsində nə deməkdir? Bunun əhəmiyyəti nədir?
“Bu ənənənin daha səmərəli şəkildə davam etdirilməsi təqdirəlayiqdir”
Tanınmış iqtisadçı Akif Nəsirli bildirdi ki, Prezident davamlı olaraq aztəminatlı ailələrə dövlət yadımlarının verilməsi ilə bağlı sərəncamlar imzalayır, tapşırıq verib. A.Nəsirli deyir ki, Prezidentin bu cür sərəncamları ənənəvi hal alıb və aztəmiantlı ailələrə dəstək məsələsində çox əhəmiyyətlidir: “Hesab edirəm ki, Prezidentin artıq illərdir ənənəyə çevirdiyi aztəminatlı ailələrə yeni il yardımları çox əhəmiyyətlidir. Birdəfəlik maliyyə yardımlarının verilməsi aztəminatlı ailələrin yaşayışına stimul verir. Bu, həmin ailələrin bayram süfrəsinə öz töhfəsini verir və bəyənilən bir ənənədir. Bu ənənənin daha səmərəli şəkildə davam etdirilməsi təqdirəlayiqdir”.
A.Nəsirli onu da qeyd etdi ki, əvvəlki illərdə aztəminatlı ailələrə verilən yardımlar bəzən ərzaq şəklində təqdim edilirdi, amma burada məmurlar tərəfindən bəzi neqativ hallara yol verilirdi: “Bu səbəbdən də sonradan aztəminatlı ailələrin və ekspertlərin təkliflərini nəzərə alaraq bu ərzaq yardımlarını pulla əvəzlədilər, bu da çox təqdirəlayiqdir. Dediyim kimi, ərzaq yardımı ediləndə müəyyən problemlər yaşanırdı, korrupsiya halları meydana cıxa bilirdi. Ona görə də ən yaxşısı birdəfəlik yardımların pul şəklində olmasıdı ki, Prezident sərəncamı ilə əhalinin aztəminatlı təbəqəsinə verilir . Biz bu cür yardımları dəstəkləyirik, davamlı xarakter almasını istəyirik”.
İradə SARIYEVA