Prezident İlham Əliyev Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunu təsdiqləyib. Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Kamaləddin Qafarov: “Ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımlar gələcəkdə də davamlı olaraq atılacaq”
Minimum əmək haqqının artması barədə fikir bildirən millət vəkili Kamaləddin Qafarov bildirdi ki, dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar ölkəmizdə artıq çoxdan davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda da əməyin leqallaşdırılmasını stimullaşdırır: “Bütün bunlar bir daha deməyə əsas verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycan sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni, keyfiyyətcə daha yüksək mərhələdədir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımlar gələcəkdə də davamlı olaraq atılacaqdır”.
Kamran Məmmədli: “Yaşayış minimumunun artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir”
Yaşayış minimumunun artırılmasına fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli dedi ki, ehtiyac meyarı ilə yaşayış minimumunun bir-birinə yaxınlaşdırılması müsbətdir: “Əvvəlki ilə nəzər salsaq, bu iki göstərici arasında 15 faiz fərq olduğunu görə bilərik. Hazırda ehtiyac meyarı 17 faizə yaxın artırılaraq 170 manatdan 200 manata çatdırılırsa, bu onu göstərir ki, yaşayış minimumu ilə aradakı fərq də 5 faizə qədər azalacaq”.
Iqtisadçı onu da əlavə etdi ki, yaşayış minimumunun artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir. Qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır: “Yaşayış minimumunun artırılması vətəndaşların sosial müdafiəsi baxımından vacibdir. Bu, əməkhaqqı vergisi ödənilən zaman tətbiq olunan güzəşt məbləğinə təsir edəcək”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial qayğı ilə əhatə olunması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir: “Yaşayış minimumunun artırılması aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Günel CƏLİLOVA