2021-ci ilin 11 ayı ərzində Azərbaycan 81 726 ədəd avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 33 885 ədəd və ya 70,8 faiz artıb. Qeyd edək ki, idxal edilən avtomobillərin ümumi dəyəri 835 376 720 ABŞ dolları həcmində olub. Azərbaycan avtomobil idxalına ötən ilin eyni dövrü ilə müqayisədə 259 201 690 dollar və ya 45 faiz daha çox vəsait sərf edib.
Qeyd etdiyimiz kimi, cari il ərzində ölkəyə idxal olunan avtomobillərin sayı artıb. Ancaq buna baxmayaraq, avtomobillərin satış qiymətində artım müşahidə olunur.
Eldəniz Cəfər: “Hibrid avtomobillərə tələb daha da artacaq”
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, yanacağın bahalaşması hibridlərə tələbatı artıb: “Əvvəllər benzinin bahalaşması avtomobil sektorunda vətəndaşların daha çox dizel mühərrikli avtomobillərə üstünlük verməsi ilə nəticələnirdi. Bu gün daha bir alternativ var. Benzinin qiymətinin qalxması dizellə çalışan avtomobillərə və hibridlərə tələbatı daha çox artırıb. Getdikcə dizel də bahalaşacaqsa, hibrid avtomobillərə tələb daha da artacaq”.
Elməddin Muradlı: “Maşın alveri ilə məşğul olanlar kütləvi şəkildə ölkəyə avtomobil gətirməyə çalışırlar”
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Azərbaycanda avtomobillərin sayı durmadan artır. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər ondan ibarətdir ki, ölkəyə istifadə olunmuş da olsa, nisbətən yeni avtomobillər gətirilir və avtomobil parkı yenilənir. Bu, təhlükəsizlik cəhətdən müsbət amildir: “Avtomobil idxalındakı bu cür sürətli artımın əsas səbəbi yanvardan etibarən rüsumların artırılması məsələsinin qüvvəyə minməsidir. Buna görə də, maşın alveri ilə məşğul olanlar kütləvi şəkildə ölkəyə avtomobil gətirməyə çalışırlar. Hətta bu yaxınlarda, bir gün ərazində 650 avtomobil gömrükdən keçirilib və bu rekord göstəricidir. Artıq vəziyyət pandemiyadan əvvəlki göstəriciyə çatmaq üzrədir”.
Ekspert hesab edir ki, gələn ildən etibarən ölkəyə hibrid və elektriklə işləyən avtomobillər daha çox idxal olunacaq: “Bazarda avtomobil sayı artsa da, bu, qiymətlərin azalmasına səbəb olmayıb. Əksinə, avtomobil bazarında ciddi bahalaşma müşahidə olunur. Bu səbəbdən də, alıcıların əksəriyyəti 2006-2010-cu illərdə istehsal olunan, qiyməti 15 min manatdan yüksək olmayan ekonom avtomobillərə üstünlük verirlər”.
Günel CƏLİLOVA