Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq. Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.
Qeyd edək ki, hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Əmək pensiyasının minimum məbləğinin 240 manata çatması vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
“Qanuna təklif edilən dəyişikliklərdə əsas məqsəd minimal pensiya alan vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılmasıdır”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik aktualdır və sosial təminat baxımından vacibdir: “Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunan “Əmək pensiyaları haqqında” qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul olunub. Təklif olunan dəyişikliklərə əsasən, gələn aydan etibarən minimum əmək pensiyası 200 manatdan 240 manatadək artırılacaq. Bu, pensiya məbləğlərində 40 manatlıq artım deməkdir. Artım pensiyaçıların sosial təminatı baxımından vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu artımın nə qədər vətəndaşı əhatə edəcəyi barədə açıqlamaların veriləcəyi gözlənilir. Növbəti illərdə də minimum pensiya məbləğinin artırılması prioritetdir. Minimum pensiya məbləğinin artırılması yeni sosial paketin tərkib hissəsi kimi həyata keçirilir”.
Millət vəkili onu da əlavə etdi ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əsas məqsəd minimal pensiya alan vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılmasıdır. Əhalinin sosial rifahının yüksəlməsi ilə bağlı görülən işlər ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcək. Əhalinin alıcılıq qabiliyyətini yüksəldəcək. Azərbaycanın iqtisadiyyatına pozitiv təsir göstərəcək.
Günel CƏLİLOVA