Məlum olduğu kimi, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. O cümlədən, yanvarın 1-dən bəzi büdcə təşkilatlarından maliyyələşən qurumlarda çalışan işçilərin maaşları, tələbələrin məvacibləri, sosial müavinətlər artırılır. Çox güman ki, bu yöndə digər sərəncamlar da imzalanacaq. Zəmanət varmı ki, artımlardan sonra işbazlar qiymətləri artırmayacaq? Adətən, zaman-zaman onlar bu kimi artımlardan sui-istifadə edirlər. Məvaciblər artan kimi, məhsulların qiymətini süni şəkildə qaldırırlar. Zatən qiymətlər növbəti dəfə artsa, maaşların artımı heç nə olacaq. Ona görə də necə mexanizm yaradılmalıdır ki, artımlardan işbazlar süni qiymət artımına gedə bilməsinlər? Onsuz da yeni ildə inflyasiyanın yüksəlmə risqi var. O baxımdan, hansı qabaqlayıcı, tormozlayıcı mexanizm işə salınmalıdır ki, işbazlar qiyməti süni şəkildə artıra bilməsinlər?
“Bazar liberallaşdırılmalıdır, inhisarçılıq, monopoliya aradan qaldırılmalıdır”
Məsələyə münasibət bildirən iqtisadçı-alim, professor Əli Əlirzayevin fikrincə, bununla bağlı bir sıra işlər görülməlidir: “İnzibati yollarla işbazların qiymət artımını önləmək mümkün deyil. Bununla bağlı bazar liberallaşdırılmalıdır, inhisarçılıq, monopoliya aradan qaldırılmalıdır. Stimullaşdırıcı tədbirlər görülməlidir. Elə etmək lazımdır ki, məhsul istehsalçıları məhsulu birbaşa bazara çıxarsın. Nə qədər ki, istehsalçı birbaşa məhsulunu bazara gətirə bilmir, vəziyyət dəyişməyəcək. Bu gün ölkədə inhisarçılıqla bağlı ciddi problemlər var. Təəssüflər olsun ki, bunlar öz həllini tapmayıb. Hesab edirəm ki, bununla ciddi məşğul olmaq lazımdır. Yarmarkalara xüsusi adamlar yox, bütün istehsalçılar məhsulunu çıxara bilməlidir. Ölkə daxilində məhsul istehsalı genişləndirilməlidir. Məhsulun maya dəyərinə təsir edən amillər araşdırılmalıdır. Yalnız bütün bunlardan sonra süni qiymət artımını önləmək olar”.
Professor onu da əlavə etdi ki, bu məsələ ilə bağlı ciddi düşünmək lazımdır.
Vidadi ORDAHALLI