Bir çoxlarımız mağazalarda məhsulun üzərindəki qiymətlə qəbzdə olan qiymətin fərqli olması mənzərəsinə rast gəlirik. Belə bir hal bir çox marketlərdə müşahidə olunur. Alıcı qiymət fərqi ilə bağlı narazılıq edərsə, satıcı və ya aidiyyəti şəxslər məlum hadisənin texniki səhv olduğunu deyir.
Növbəti belə bir hal “Bazarstore” mağazalar şəbəkəsində qeydə alınıb. Sosial şəbəkədə bununla bağlı fotoşəkillər paylaşılaraq şikayət edilib: “Bu halı artıq ikinci dəfədir ki, yaşayıram. “Bazarstore”un Əhmədli filialında alış-veriş etdim. Səhər işə gecikdiyim üçün qiymət fərqinə fikir vermədim. İndi görürəm ki, məhsulun üzərində bir qiymət, kassada başqa qiymət göstərilib. 0.30 qəpik elə böyük məbləğ olmaya bilər, amma milləti aldadıb belə oğurluq etmək utancvericidir”.
“Bazarstore” mağazalar şəbəkəsi: “Bəzən qiymət sayının çoxluğuna görə bəzi qiymətlər sistemə daxil olmur”
Məsələ ilə bağlı “Bazarstore” mağazalar şəbəkəsindən bildirildi ki, burada texniki səhv baş verib: “Qiymət kassaya hər səhər göndərilir və məhsullar üzrə qiymət sayı çox olur. Bəzən isə qiymət sayının çoxluğuna görə bəzi qiymətlər sistemə daxil olmur. Belə şikayətlər olduqda biz müştəriləri dəvət edərək qiymət fərqini onlara ödəyirik.
Kamran Məmmədli: “Əksər hallarda satıcılar qiymət dəyişikliyini unutduqlarını, bu səbəbdən vitrinlərdə qiymətləri dəyişmədiklərini və s. bəhanə edirlər”
Iqtisadçı ekspert Kamran Məmmədli bildirdi ki, əksər hallarda marketlərin vitrinlərində məhsulların qiymətləri aşağı, kassada-scanerdə isə qiymət baha vurulur: “Alıcının hüququ var ki, vitrində gördüyü qiyməti tələb etsin. İstehlakçılar belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara müraciət etsin. Əksər hallarda satıcılar qiymət dəyişikliyini unutduqlarını, bu səbəbdən vitrinlərdə qiymətləri dəyişmədiklərini və s. bəhanə edirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi marketlər bu kimi oyunları bilərəkdən edir.
Günel CƏLİLOVA