Milli sosial rifah səviyyəsinin davamlı şəkildə artması bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca prioritetlərindən biridir. Bu prosesin son 3 ildə daha intensiv xarakter alması müşahidə edilir.
Xatırladaq ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, bununla bağlı olaraq müavinət və təqaüdlərin, əmək pensiyasının minimum məbləğinin, minimum əməkhaqqının, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərində əhəmiyyətli artımlar qeydə alınıb. Bu istiqamətdə dövlət tərəfindən görülən işlərin davam etdirilməsi məqsədilə prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamı ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına yeni əsaslı zəmin yaradıb. Bu mərhələdə islahatların yeni mərhələsi 2,1 milyondan çox insanı əhatə edəcək. Qeyd edilən islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub. Bununla yanaşı, prezidentin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamının icrası ilə əlaqədar artıq müvafiq addımlar atılır. Dövlət başçısının minimum aylıq əməkhaqqı məbləğinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında dekabrın 17-də imzaladığı sərəncamlar bunun faktiki təzahürüdür. Qeyd edək ki, dövlət başçısının müvafi sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləğinin gələn il yanvarın 1-dən 250 manatdan 300 manata çatdırılması vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına əsasən, minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları gələn ilin yanvar ayından artacaq. Eləcə də Prezident İlham Əliyevin sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Burada mühüm məqamlardan biri odur ki, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək. Minimum əməkhaqqı ilə paralel olaraq, dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırılıb. Beləliklə, cari il dekabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlar 1 milyona yaxın insanın sosial rifah halının yüksəlməsinə əlavə dəstək olacaq.
Qeyd edilən prosesin davamı olaraq dekabrın 20-də də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə soial müavinətlərin və təqaüdlərin artırılması istiqamətində mühüm addımlar atıldı. Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir: Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; Doktorant və tələbələr. Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır: Uşağın doğulmasına görə birdəfəlik müavinət; Dəfn üçün birdəfəlik müavinət. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildiriri ki, prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. O da vurğulanır ki, yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir. Bir daha qeyd edək ki, dövlət başçısının imzaladığı yeni fərman və sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir.
Bütün bu artımlar ölkədə qeydə alınan inflyasiyanın əhalinin maddi rifah halına təsirinin minimallaşdırılması, xüsusilə həssas əhali qruplarına qiymət artımının mənfi fəsadlarının yumşaldılması baxımından vacib əhəmiyyət daşıyır. Real vəziyyətin təhlili göstərir ki, hazırda Azərbaycanda inflyasiya təzyiqləri əsasən qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Lakin bu amillərin təsirinin azaldılması istiqamətində də dövlət tərəfindən müvafiq addımlar atılır. Azərbaycan manatının məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır. Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi prosesinin davamı üçün Azərbaycan bütün imkanlara, o cümlədən böyük həcmdə xarici valyuta ehtiyatlarına malikdir. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4 faiz və ya 2,2 milyard ABŞ dolları artaraq 53 milyard ABŞ dollarını üstələyib.
Ramil QULİYEV