Məlum olduğu kimi, türk lirəsi sürətlə ucuzlaşmaqda davam edir. Dekabrın 16-da 1 dollar 14,83 TL olmaqla tarixi zirvəni yeniləyib. Qardaş ölkədə lirənin dəyər itirməsi Azərbaycana da istər-istəməz təsir edir.
Bəllidir ki, Azərbaycan dövləti Türkiyədə böyük layihələr həyata keçirib. Məsələn, “Petkim”, STAR neft emalı zavodu və s. zavodlar var. Həmin zavod orada istifadəyə veriləndə rəsmilər açıq şəkildə ifadə etmişdilər ki, Türkiyədə dizel yanacağına olan tələbatın 70 faizi həmin zavodun hesabına ödənilir. SOCAR-a məxsus olan həmin STAR neftayırma zavodunun istehsal etdiyi məhsul Türkiyə daxili bazarlarında satılır.
Maraqlıdır, lirənin dəyərdən düşməsi birinci növbədə Dövlət Neft Şirkətinin həmin aktivlərinin dəyərdən düşməsinə necə təsir edəcək?
“Türkiyə valyutasının dəyərdən düşməsi xarici şirkətlərin türk lirəsi bazında qiymətin artımına səbəb olsa da, dollar və avro ilə qiymət hesablanarkən qiymətlərdə enmə müşahidə olunur”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, türk lirəsinin dəyərdən düşməsi Azərbaycanın Türkiyədəki yatırımlarına təsir edir: “Məlumdur ki, həm “Petkim” həm də STAR-ın səhmləri türk birjalarında lirə ilə ticarət olunur. Son zamanlar Türkiyə valyutasının dəyərdən düşməsi həmin şirkətlərin türk lirəsi bazarında qiymətin artımına səbəb olsa da, dollar və avro ilə qiymət hesablanarkən qiymətlərdə enmə müşahidə olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda səhm bazarında pozitiv dinamika var. Türk lirəsi ilə qiymətləndirilən səhmlərin dəyərində artım var: “Artım devalvasiya, türk lirəsinin dəyərdən düşmə səviyyəsində deyil. Təqribən 4-5 faizlik artım müşahidə olunur. Məlumdur ki, türk lirəsi ilin əvvəlindən bugünə kimi iki dəfədən çox dəyərdən düşüb. Lirənin dəyər itirməsi qonşu ölkələrə, o cümlədən orda yatırılan investisiyalara da təsir edəcək”.
Günel CƏLİLOVA