“Pandemiyanın tüğyan etdiyi bir vaxtda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxıb”. Bunu Milli Məclisin ötən iclasında “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, qanunvericiliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs işsizlik müavinəti ala bilmir: “Bu cür statistika işsizlikdən əziyyət çəkən insanlara ciddi zərbə vurur. İşçilərin xeyli hissəsini işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlər, bu insanlar taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araşdırmaların aparılmasına ehtiyac var. Həmin vaxt bu qədər insanın öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil. Pandemiya dövründə belə hərəkətin edilməsini qəbuledilməz hesab edirəm”.
İşsizlik faizinin getdikcə yüksəldiyi bir vaxtda bu qədər insanın öz istəyi ilə işdən çıxması və onların sonrakı taleyi suallar doğurur.
“İşsizliyin tüğyan etdiyi pandemiya dövründə 268 min şəxsin öz xoşu ilə işdən azad olunması inandırıcı görünmür”
Iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu qədər insan öz ərizəsi ilə işdən çıxa bilməz: “Bəzi iş yerlərində işçi işə qəbul olan zaman insanlara öz xoşu ilə işdən azad olunması ilə bağlı ərizə yazdırırlar. Həmin ərizədə tarix qoyulmur. İxtisar olarsa, təbii ki, işdən azad olunan işçilərə kompensasiya ödənilməlidir. Həmin kompensasiyanın verilməməsi üçün insanlara bu cür ərizə yazdırırlar. 268 min insanın bir çoxu bu vəziyyətlə üzləşib. Onlar pandemiya ilə bağlı olaraq ixtisara düşüblər və həmin işçilərə kompensasiya verilməsin deyə, öncədən yazılan ərizəyə tarix qoymaqla işdən könüllü şəkildə azad olunma ilə rəsmiləşdirmə həyata keçirirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, işsizliyin tüğyan etdiyi pandemiya dövründə 268 min şəxsin öz xoşu ilə işdən azad olunması inandırıcı görünmür.
Günel CƏLİLOVA