Türkiyənin milli valyutası lirə ucuzlaşmaqda davam edir. 1 ay öncə 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idisə, indi bu rəqəm 13.87-dək dəyişib. Bu o deməkdir ki, lirə 1 ay ərzində 30 faizə yaxın dəyər itirib. Lirənin ucuzlaşması Türkiyə ilə yanaşı, həmin ölkədən məhsul sifariş həyata keçirəm karqo şirkətlərinin işinə də təsir edib.
Məlumdur ki, dünya miqyasında “Black Friday” kimi tanınan, noyabrın sonuncu həftəsinin cümə gününə təsadüf edən endirim kampaniyaları da bu ərəfədə Türkiyədən məhsul sifarişlərin həcmini artırıb. Həm endirim kampaniyasından, həm də lirənin ucuzlaşmasından yararlanmaq istəyən vətəndaşlarımız karqo şirkətləri vasitəsilə Türkiyədən böyük həcmdə mal sifarişləri həyata keçirib. Lakin hazırda həmin sifarişlərin çatdırılması ilə bağlı bir sıra narazılıqlar ortaya çıxıb.
Belə ki, sifarişlərin çoxluğu yerli karqo şirkətlərinin çatdırılmada problemlər yaşamasına səbəb olub. Məlum məsələ ilə bağlı çoxlu sayda şikayətlər var. Şikayətlərin əsas məzmunu isə sifariş verilən məhsulun vaxtında çatdırılmamasıdır.
“Mover.az”ın müştərisi Ramil Şahverdiyev şirkətin sosial şəbəkə hesabında şikayətini yazaraq bildirib ki, noyabrın 25-dən hələ də məhsulu çeşidləmədədir və şirkət tərəfindən təhvil verilməyib. Şikayətçilər bildirir ki, onların sifariş verdiyi məhsullar Türkiyə anbarında qaldığı üçün hələ də gətirilməyib.
Qeyd edək ki, son bir ayda bu movzu ilə bağlı karqo şirkətlərinin fəaliyyətindən narazılıqlar artmaqdadır.
“Expargo” karqo şirkəti: “Endirim həftəsi ərzində türk lirəsinin dəyərini itirməsi, həm də “Black Friday” günü ilə bağlı sifariş edilən bağlamaların sayı digər həftələrə nisbətən daha çox olub”
“Expargo” karqo şirkətindən bildirildi ki, gecikməyə səbəb sifarişlərin çox olmasıdır: “Endirim həftəsi ərzində həm türk lirəsinin dəyərini itirməsi, həm də “Black Friday” günü ilə bağlı sifariş edilən bağlamaların sayı digər həftələrə nisbətən daha çox olub. Son həftə ərzində 40 000-dən çox bağlama sistemə daxil edilərək yola salınıb. Şirkət müəyyən gecikmələri aradan qaldırmaq üçün tədbirlər həyata keçirir”.
Natiq Cəfərli: “Problem belə şirkətlərin sayının az olması və rəqabətli mühitin formalaşmamasındadır”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkədə yükdaşıma üzrə vahid qiymət siyasəti yoxdur: “Bu bazar əslində rəqabətli olmalıdır və karqo şirkətləri vətəndaşlara xidmət göstərməlidirlər. Bizdə problem belə şirkətlərin sayının az olması və rəqabətli mühitin formalaşmamasıdır: “Hazırkı vəziyyətdə Türkiyədən ölkəmizə yükdaşımanın qiyməti daha ucuz olmalıdır. Dünyada daşınma xərcləri getdikcə artır. Amma Türkiyə ilə Azərbaycan arasında hava, quru, hətta bir müddət sonra dəmir yolu nəqliyyatı ilə yükdaşımalar mümkün olacaq. Buna görə bizdə qiymətlər ucuz olmalıdır. Şirkətlər də öz aralarında rəqabət aparmalıdırlar. Bəzi hallarda qiymətin bazarda diqtə olunmasının şahidi oluruq”.
Ekspert hesab edir ki, yükdaşımaların ucuzlaşması və ticarət dövriyyəsinin artırılması üçün bu sahədə mövcud olan süni maneələrin aradan qaldırılması əsas şərtdir.
Günel CƏLİLOVA