İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi və gömrük güzəştləri tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda əksini tapıb.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətlə məşğul olacaq sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunması onların fəaliyyətinə müsbət təsir edəcək.
Qeyd edək ki, dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. Ekspertlər qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir
Maraqlıdır, sərəncamda nəzərdə tutulan güzəştlər xarici sərmayənin ora cəlb olunmasında nə kimi təkanverici rol oynaya bilər?
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, işğaldan azad edilmiş rayonlara xarici investorlar tərəfindən xüsusi bir maraq var. Qarabağın yüksək iqtisadi potensialı investisiya axınına yüksək səviyyədə təsir göstərməkdədir: “Qarabağda aparılan yenidənqurma və bərpa işlərində xarici şirkətlərin də iştirakını görürük. Qeyd etmək lazımdır ki, ölkələrin iqtisadi inkişafını təmin edən başlıca faktor investisiyadır. İnvestisiya isə o zaman faydalı olur ki, birbaşa olsun və özü ilə texnologiya transfer etsin. Xarici ölkələrin Qarabağa investisiya qoyması istəyi həm də bu ölkələrin müəyyən mənada Azərbaycanın haqq işinə dəstək verməsi deməkdir. Bütövlükdə deyə bilərik ki, Qarabağda yenidənqurma və bərpa işləri müstəvisində baş tutan xarici investisiya axını ölkəyə ciddi iqtisadi dividendlər gətirəcək”.
Həmsöhbətimiz hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlə məşğul olacaq sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunması onların fəaliyyətinə, işinə müsbət təsir edəcək. Bu qərar sayəsində yerli sahibkarlarla yanaşı, xarici sahibkarlar da Qarabağda yatırım etməkdə maraqlı olacaq.
Günel CƏLİLOVA