“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub”. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.
O qeyd edib ki, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur.
Qeyd edək ki, xarici şirkətlər Qarabağda fəaliyyət göstərməyə maraqlıdır. Xarici ölkələr Qarabağa investisiya yatırmaq üçün ölkəmizə müraciət edir.
“Qarabağda mədən, enerji və qida sənayesi, şərabçılıq, logistika ən çox yatırım olunacaq sahələr hesab edilir”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, işğaldan azad edilmiş rayonlara xarici investorlar tərəfindən xüsusi bir maraq var. Qarabağın yüksək iqtisadi potensialı investisiya axınına yüksək səviyyədə təsir göstərməkdədir: “Biz bu gün Qarabağda aparılan yenidənqurma və bərpa işlərində xarici şirkətlərin də iştirakını görürük. Qeyd etmək lazımdır ki, ölkələrin iqtisadi inkişafını təmin edən başlıca faktor investisiyadır. İnvestisiya isə o zaman faydalı olur ki, birbaşa olsun və özü ilə texnologiya transfer etsin. Xarici ölkələrin Qarabağa investisiya qoyması istəyi həm də bu ölkələrin müəyyən mənada Azərbaycanın haqq işinə dəstək verməsi deməkdir. Bütövlükdə deyə bilərik ki, Qarabağda yenidənqurma və bərpa işləri müstəvisində baş tutan xarici investisiya axını ölkəyə ciddi iqtisadi dividendlər gətirəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, iqtisadi münasibətlərin inkişafı üçün Qarabağda müştərək investisiyaların formalaşmasına ehtiyac var: “Müştərək investisiyalara həm dövlətin, həm də yerli və xarici şirkətlərin marağı olmalıdır. Çünki bu, iqtisadi münasibətlərin daimi və uzun müddətdə tənzimlənməsinə xidmət göstərəcək.
Qarabağda quruculuq işləri ən yüksək sürətlə davam etməkdədir. Təbii ki, bu gün bütün rayon və qəsəbələrin ilkin infrastruktur layihələri həyata keçirilir”.
Ekspert onu da vurğuladı ki, Qarabağda mədən, enerji və qida sənayesi, şərabçılıq, logistika ən çox yatırım olunacaq sahələr hesab edilir. Həmin ərazilərdə bu sahələrin inkişafı hər zaman investorların maraq dairəsində olacaq.
Günel CƏLİLOVA