Azərbaycanda bəzi banklarda 100 dollarlıq əskinasların qəbulu ilə bağlı problem yaranıb. Söhbət 1998-cü ildə tədavülə buraxılan əskinaslardan gedir. Banklar həmin pul nişanının dövriyyədən çıxarıldığını iddia edərək qəbul etmirlər.
Sosial şəbəkə istifadəçiləri qeyd edir ki, belə faktlar tez-tez baş verir.
Qeyd edək ki, “Kapital Bank” 1993 və 1996-cı il buraxılışlı 100 dollarlıq əskinasları zədələnməmək şərti ilə qəbul edir. “Bank Respublika”da, əskinas yaxşı veziyyətdədirsə, mübadilədə heç bir problem olmayacaq. “Azər – Türk” Bank isə 1993 və 1996-cı il seriyalı 100 dollarlıq əskinasları vətəndaşlardan qəbul etmir, çünki vətəndaşlar özləri belə əskinasları götürməkdən imtina edirlər. “Rabitəbank” da 1993 və 1996-cı il seriyalı 100 dollarlıq əskinasları vətəndaşlardan qəbul etmir və öz növbəsində vətəndaşlara da satmır.
Onu da bildirək ki, köhnə seriyalı əskinaslar ABŞ-ın özündə tədricən dövriyyədən çıxarılır. Lakin eyni zamanda, qanuni ödəniş vasitəsi olaraq qalır.
Maraqlıdır, banklar köhnə dolları qəbul etməkdən niyə imtina edir?
“Bank şərt qoya bilər ki, yalnız filan ildən çap olunmuş əskinasları qəbul etsin və buna hüququ da var”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, ABŞ dolları nominallı əskinaslar, nə vaxt buraxılmasından asılı olmayaraq, qanuni ödəniş vasitəsi olaraq qalır: “Bank şərt qoya bilər ki, yalnız filan ildən çap olunmuş əskinasları qəbul etsin və buna hüququ da var. Onu da qeyd edim ki, bəzi banklar köhnə dolları qəbul etməsə də, ancaq həmin valyutanı satır. Qanunda bununla bağlı heç bir məhdudiyyət yoxdur. Qanunda boşluq var və bu da o deməkdir ki, vətəndaşlar valyuta alarkən daha diqqətli olmalıdırlar”.
Ekspert onu da əlavə etdi ki, bank ancaq belə əskinasların qəbulundan müştərilərin hansısa səbəbdən bankın özündən belə pulları almaqdan çəkindiyi üçün imtina edə bilər. Bu cür problemlərin digər səbəbi isə təcrübəsiz bank işçiləridir. Hansılar ki, pulun saxta olub-olmamasını yoxlaya bilmir, ya da bankda köhnə pulları yoxlamaq üçün avadanlıq yoxdur. Sonradan narahat olmamaq üçün maliyyə strukturu yalnız yeni pulları qəbul edə bilər. Ancaq yenə də bütün banklar bunu etmir.
Günel CƏLİLOVA