Banklar daha çox dollar alır və camaata daha çox dollar satır - nə baş verəcək?..

Əkrəm Həsənov: “Dolları alanlar əhali yox, sahibkarlardır”

img

Son zamanlar Azərbaycanda xarici valyuta, xüsusilə də dollar alışı kəskin artıb. Mərkəzi Bankın noyabr ayında təşkil etdiyi 9 hərracda Dövlət Neft Fonduna məxsus 853,9  milyon dollar satılıb. Bu məbləğ oktyabrdakı valyuta satışından (539,9 milyon dollar) 58,1 faiz çoxdur.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda 5 milyard 699,2 milyon dollar məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz azdır. Lakin noyabr ayında valyuta satışının məbləği ötən ilin noyabr ayına nisbətən 72,3 faiz çoxdur. Ötən ilin noyabrında valyuta satışının həcmi 495,5 milyon dollar təşkil edib.

Onu da qeyd edək ki, bankların hərraclarda aldığı dollar həcmi ilə yanaşı, əhalinin banklardan aldığı valyuta həcmi də artır. Açıqlanan rəsmi məlumatlarda da qeyd olunur ki, 2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən əhaliyə 159,26 milyon dollar satılıb. Bu da öncəki ayla müqayisədə 63,86 milyon dollar, yaxud 66,9 faiz artım deməkdir. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə ən yüksək göstəricidir.

Məlumdur ki, son zamanlar qonşu ölkələrdə dolların məzənnəsi yüksəlir. Türkiyədə milli valyutanın dəyərsizləşməsi prosesi Azərbaycanda dollara marağın artmasına səbəb ola bilərmi? Ümumiyyətlə, son zamanlar ölkədə dollara tələbatın artmasının səbəbi nə ilə bağlıdır?

  • “Xaricdən alınan malların ödəniş vaxtı, xarici borcların bağlanması, ilin sonunda müəyyən öhdəlikləri bağlamaq məsələsi var, hesab edirəm ki, əsas səbəb budur”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, dollara tələbatın artması  devalvasiyaya səbəb olmayacaq: “Dollara tələbin artmasının öz səbəbləri var. Bunun bir neçə səbəbi var. Ümumiyyətlə, dolları alanlar əhali yox, sahibkarlardır. Adətən, xaricdən alınan malların ödəniş vaxtı, xarici borcların bağlanması, ilin sonunda müəyyən öhdəlikləri bağlamaq məsələsi var. Hesab edirəm ki, əsas səbəb budur. İkinci səbəb isə son aylarda əhali arasında yayılan devalvasiya xəbərləridir. Sanki əhalini dolayı yolla buna vadar edirlər. Əlbəttə, devalvasiyanın olub-olmayacağını heç kim dəqiq deyə bilməz. Azərbaycan valyutasının məzənnəsini bazar yox, Mərkəzi Bankın inzibati qərarı müəyyən edir. Buna görə də biz Mərkəzi Bankın nə edəcəyini heç vaxt bilə bilmərik. Amma devalvasiya üçün hazırda makroiqtisadi əsas yoxdur. Düzdür, dünyada və ölkədə qiymət artımı var, eyni zamanda, Türkiyədə lirə ucuzlaşıb. Amma Azərbaycanda manat o vaxt ucuzlaşır ki, dünyada neftin qiyməti kəskin düşsün. Bu, hələlik müşahidə edilmir. Neftin qiyməti son iki gündə bir az düşsə də, dollara marağın artmasına təsiri yoxdur. Çünki dollara maraq artımı bu iki gündə yox, son ayda baş verib”.

Günel CƏLİLOVA

Son xəbərlər