Dövlət Statistika Komitəsi regionlarda məşğul əhalinin fəaliyyət istiqamətləri ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycanın əyalətlərində məşğul əhalinin hər iki nəfərindən biri kənd təsərrüfatında çalışır. Bu isə ölkənin regionlarında iqtisadi potensialını və iş yerlərinin əsasən aqrar sektorda cəmləşdiyini təsdiqləyən əsas göstəricilərdən biridir.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycanda ölkə üzrə işsizlik göstəricisi 7.2 faiz idi. İşsizliyi ayrı-ayrı rayon və şəhərlər üzrə gözdən keçirərkən aydın olur ki, ölkədə işsizlik səviyyəsinin ən yüksək olduğu region ölkənin dördüncü ən böyük şəhəri Mingəçevirdədir. Burada işsizlik göstəricisi ölkə ortalamasından, az qala, iki dəfə çox – 13.6 faizdir. Naftalan (13.2 faiz), Şirvan (9.6 faiz), Sumqayıt (9.1 faiz), Gəncə (8.9 faiz), Siyəzən kimi şəhər və rayonlarda da işsizlik səviyyəsi nisbətən yüksəkdir. Bakıda isə işsizlik göstəricisi ilin əvvəlində 8.6 faiz olub.
Maraqlıdır, regionlar üzrə işsizlik niyə məhz Mingəçevirdə üstünlük təşkil edir?
Natiq Cəfərli: “Bölgələrdə yaşayanlar işləmək üçün daha çox Bakıya üz tutur”
Iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın bölgələrində işsizliklə bağlı yaranan problem yeni deyil: “Nəzərə almaq lazımdır ki, bütün iqtisadi fürsətlət Bakıda cəmləşib. Hətta maliyyə naziri Samir Şərifov da bu yaxınlarda çıxışında bildirdi ki, Azərbaycanın gəlirinin 89 faizi Bakının hesabına formalaşır. Bu isə o deməkdir ki, iqtisadi aktivlik daha çox Bakı və Abşeronun payına düşür. Bu səbəbdən də bölgələrdən Bakıya köç davam etməkdədir”.
Iqtisadçının sözlərinə görə, bölgələrdə yaşayanlar işləmək üçün daha çox Bakıya üz tutur.
Eldəniz Əmirov: “Mingəçevir, Naftalan və Şirvanda işsizlik göstəricisi digər bölgələrlə müqayisədə yüksəkdir”
Iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, Mingəçevir, Naftalan və Şirvanda işsizlik göstəricisi digər bölgələrlə müqayisədə yüksəkdir: “Qeyd olunan bölgələr respublika tabeli şəhərlərdir. Bu şəhərlərdə kənd təsərrüfatlı torpaqlar yox dərəcəsindədir. Digər rayonlarda məşğulluq statistikasının yuxarı göstərilməsinin səbəbi torpaq sahələri və bu sahələrdə məşğul olan kənd əhalisidir. Məlumdur ki, şəhərlərdə müəyyən istehsalat, xidmət sahələri ilə bağlı fəaliyyətlər var. Rayonlarda isə bir ailənin adına torpaq varsa, artıq onun statistikası məşğul əhali kimi göstərilir. Ancaq qeyd olunan 3 rayonda əkinə yararlı torpaq sahələri azdır. Bu səbəbdən də həmin bölgələrdə işsizlik daha çox qeydə alınır”.
Günel CƏLİLOVA