Gələn ildən etibarən daşıyıcılar elektron qaimə-faktura təqim etmədən yükləri rayonlardan paytaxta çatdıra bilməyəcək. Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev mediaya açıqlamasında bildirib ki, bu məsələ Azərbaycanın Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
M.Babayev qeyd edib ki, vergi ödəyiciləri avtomobil yükdaşımaları üçün elektron qaimə, aksizli mallara (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili qaimə və ixrac üçün malların daşınması zamanı elektron qaimə-faktura almalı olacaqlar: “Meyvəli” topdansatış bazarının yaxınlığında vergi postları yaradılacaq və elektron qaimə və yol qaimələri olmadan kənd təsərrüfatı məhsulları daşıyanlar ora buraxılmayacaq. Belə bir yeniliyin tətbiq edilməsində məqsəd malların qeydiyyata alınmasıdır. Nəqliyyat vasitəsi üçün fərqləndirici nişan almamış malların sahibləri və ya sürücülər elektron sənəd verə bilməyəcəklər”.
Qeyd edək ki, gələn ildən tətbiq ediləcək yenilik narazılığa səbəb olub. Bildirilir ki, məlum qayda meyvə-tərəvəzin qiymətinin bahalaşmasına səbəb olacaq.
Əkrəm Həsənov: “Niyə paytaxta gətirilən kənd təsərrüfatı məhsulları faktoru önə çıxarılır?”
İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində belə vergi dəyişiklikləri var: “Ancaq bu şərt təkcə kənd təsərrüfatı mallarının rayonlardan paytaxta daşınmasına aid deyil. O, ölkənin bütün ərazisini və paytaxtdan respublikanın digər bölgələrinə və ya rayondan rayona daşınacaq bütün malları əhatə edir. Ona görə də başa düşə bilmirəm ki, niyə paytaxta gətirilən kənd təsərrüfatı məhsulları faktoru önə çıxarılır? Qərarın məqsədləri aydındır və ölkəmizdə ildən-ilə sərtləşən kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri ilə uzlaşır”.
Kamran Məmmədli: “Yeni qərar bazarda qiymət artımına səbəb olacaq”
Iqtisadçı Kamran Məmmədli isə hesab edir ki, yeni qərar bazarda qiymət artımına səbəb olacaq: “Kəndli öz məhsulunu paytaxta gətirməkdə çətinlik çəkəcək. Vəziyyətdən istifadə edən isə alverçilər olacaq. Ümumiyyətlə, bu tələb kəndlilərin bazarlardan sıxışdırılıb çıxarılmasına səbəb olacaq. Məlumdur ki, alverçilər hər hansı işin, sənədin düzəldilməsində kəndlilərdən daha bacarıqlıdırlar”.
Günel CƏLİLOVA