Avtomobil bazarında təzə ödəniş qaydaları “maşın maklerlərini” dilxor etdi…

Eldəniz Cəfərov: “Bu qərarı alqışlamaq lazımdır və bundan heç kim - alan, satan, alverçi əziyyət çəkməyəcək”

img

Məlum olduğu kimi, Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilib. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər artıq Milli Məclisdə təsdiq edilib. Qeyd edək ki, yeni ildən tətbiq ediləcək yeni qayda avtomobil alqı-satqısı ilə məşğul olanların narazılığına səbəb olub. Onlar maşın alqı-satqısının əvvəlki qaydada nağd şəkildə həyata keçirilməsinin tərəfdarıdır. Ancaq ekspertlər yeni qaydanın daha məqbul olduğunu düşünür. Onların fikrincə, bu qərar vergidən yayınmanın qarşısını alacaq.

  • “Qanuna edilən bu dəyişiklik vətəndaşlara qarşı bəzən baş verən fırıldaqçılıq hallarının qarşısını almağı da nəzərdə tutur”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, gələn ildən Azərbaycanda avtomobil alqı-satqısı üzrə ödənişlərin yalnız nağdsız qaydada edilməsinin tətbiqi ilk növbədə uçotun aparılmasını nəzərdə tutur: “Avtomobil alqı-satqısında nağdsız ödənişlərin məcburi olması alıcıların xeyrinə olacaq. Dövlət bununla ölkədə həyata keçirilən avtomobil alqı-satqısının uçotunu daha konkretləşdirmək istəyir. Eyni zamanda qanuna edilən bu dəyişiklik vətəndaşlara qarşı bəzən baş verən fırıldaqçılıq hallarının qarşısını almağı da nəzərdə tutur. Artıq bir neçə dəfə belə hallar müşahidə edilib ki, vətəndaşlar avtomobil alanda fırıldaqçılıqların qurbanı olub. Etibarnamə verib sonra avtomobili geri istəyirlər, yaxud avtomobilin tam saz vəziyyətdə olduğunu iddia edir, daha sonra isə bu avtomobil nasaz çıxır və bu zaman aldadılmış vətəndaşın iddia qaldırmaq üçün əlində hər hansı əsası olmur. Vətəndaş bu alqı-satqının qanunla həyata keçirildiyini isbat edə bilmir. Bu səbəbdən də problemlər yaşanır. Düşünürəm ki, avtomobillərin alqı-satqısının nağdsız qaydada həyata keçirilməsinin avtomobil almaq istəyənlər üçün hər hansı zərəri olmayacaq. Bu, ilk növbədə, vətəndaşların özünün problemlərdən uzaqlaşdırılması, onların mənafeyinin qorunması üçün həyata keçirilir”.

E.Cəfərov hesab edir ki, yeni dəyişiklik avtomobil alverçilərinə də zərərli olmayacaq: “Sadəcə, onların uçotu daha şəffaf olacaq. Dövlətin vergisi də vaxtında ödəniləcək. Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, inkişaf etmiş və etməkdə olan dövlətlərin hamısında nağdsız ödənişlərə üstünlük verirlər. Elektron ödəniş oğurluq və digər cinayətlərin qarşısını alır. Biz də buna keçid etməliyik. Bu qərarı alqışlamaq lazımdır və bundan heç kim - alan, satan, alverçi əziyyət çəkməyəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər