Əhalinin dollar-avro alışına meyli yenə artır - tək bir ayda 67 faiz artım varsa...

Əli Əlirzayev: “Vətəndaşlar öz ehtiyatlarını daha çox dollarla saxlamağa üstünlük verirlər”

img

Son zamanlar valyuta hərracında dollar və avroya tələbdə artım müşahidə edilir. Qeyd edək ki, banklar tərəfindən noyabrın ilk 8 valyuta hərracında 711 milyon ABŞ dolları suveren fond ARDNF-dən alınıb. Bu da 2020-ci ildə banklar tərəfindən pandemiya səbəbindən kəskin qiymət itkisi fonunda əhalinin dollar alışına tələbin kəskin artdığı martdan bu tərəfə ən yüksək göstəricidir.

Məlumat üçün bildirək ki, noyabrın son beş hərracında ardıcıl olaraq bankların dollar tələbi yüksəlib. Həmin son beş hərracda, müvafiq olaraq, 88.6 mln., 90.1 mln., 97.6 mln., 96.5 mln., 105.5 mln. dollarlıq xarici valyuta satılıb.

Onu da bildirək ki, 2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən 159.26 milyon ABŞ dolları əhaliyə satılıb. Bu da öncəki ayla müqayisədə 63.86 milyon dollar, yaxud 66.9% artım dinamikasıdır. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir.

Son zamanlar dollar və avroya tələbin artmasının səbəbi əhali arasında devalvasiya olma ehtimalı ilə bağlıdır. Bu səbəbdən də əhali xarici valyutaya üstünlük verir.

  • “Bir çox məhsulların qiymətində artım baş verib və bu, istənilən halda inflyasiyaya səbəb olur, nəticədə...”

İqtisadçı ekspert Əli Əlirzayev bildirdi ki, son günlər cəmiyyətdə devalvasiyanın baş verəcəyi ilə bağlı şayiələr yayılır: “Belə olan halda əlində vəsaiti olan vətəndaşlar dollara üstünlük verməklə, özlərini gözlənilən təhlükədən sığortalamaq istəyirlər. Əslində dollara tələbatın artmasının kökündə heç də vətəndaşlarda olan vəsaitin toplanması dayanmır. O da bəllidir ki, bir çox məhsulların qiymətində artım baş verib və bu, istənilən halda inflyasiyaya səbəb olur. Nəticədə dövriyyədə olan pul kütləsinin həcmində artım yaşanır. Eyni zamanda, cəmiyyətdə belə bir ajiotaj yaranır ki, növbəti dəfə məzənnə dəyişikliyi, devalvasiya baş verə bilər. Devalvasiya ehtimalı əhalinin dollara tələbatını artırır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi prosesi baş verir və bu, ümumi iqtisadi prosesdir. Azərbaycanda məzənnənin inzibati qaydada tənzimlənməsi həmin iqtisadi proseslərin ölkəmizə təsir etməsinin qarşısını alır. Ona görə də hələlik dolların məzənnəsi stabildir. Sadəcə olaraq vətəndaşlar öz ehtiyatlarını daha çox dollarla saxlamağa üstünlük verirlər.

Günel CƏLİLOVA

Son xəbərlər