“Qreçka” daxil, dənli bitkilərin qiyməti sürətlə bahalaşır...

Kamran Məmmədli: “Təkcə qarabaşaq deyil, digər dənli bitkilər də bahalaşacaq”

img

Azərbaycanda qida məhsulları bahalaşıb. Rəsmi statistikaya əsasən, cari il ərzində qida məhsulları 13,4 faiz artıb. Qiymət artımı qida və digər sahələrdə müşahidə olunur.

Son zamanlar qiyməti sürətlə bahalaşan məhsullar sırasında qarabaşaq (qreçka) yer alır. Məlumatlara görə, hazırda qarabşaqın qiyməti 3 manata qalxıb. Üstəlik, bu və digər dənli bitkilərin maya dəyərinin gələcəkdə də artacağı proqnozlaşdırılır.

Qarabaşağın qiymətinin qalxması  Rusiyada bu dənli bitkinin qiymətinin artması ilə əlaqələndirilir. Buna səbəb isə xammal və qablaşdırmanın bahalaşmasıdır. Xüsusilə, qarabaşaq yarmasının bahalaşma səbəbi olaraq istehsalçı qiymətlərinin il ərzində 1 kiloqram üçün 57 rubldan 80 rubla qədər artdığı Altay diyarında məhsul yığımı ilə bağlı problemlər göstərilir.

Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan qarabaşaq idxal olunur.

  • “Azərbaycan qida təhlükəsizliyi strategiyası çərçivəsində taxıl təchizatını vaxtında şaxələndirdiyindən, bu sahədə ən ciddi uğurunu da məhz qarabaşaq tədarükündə əldə edib”

Iqtisadçı Kamran Məmmədlinin sözlərinə görə, qarabaşaq yarmasının qiyməti artmağa davam edəcək: “Bu məhsulun satış qiyməti ötən aylarda təxminən 2 manatdan da aşağı idi. Ancaq indi bu məhsulun qiyməti sürətlə bahalaşır. Azərbaycana əsasən Rusiyadan qarabaşaq idxal olunur. Rusiya istehsalçılarının təminatlarına əsasən, təkcə qarabaşaq deyil, digər dənli bitkilər də bahalaşacaq. Buna səbəb dənli və paxlalı bitkilərin qiymətlərinin əhəmiyyətli dərəcədə və davamlı bahalaşmasıdır”.

Ekspert onu da əlavə etdi ki, Azərbaycan qida təhlükəsizliyi strategiyası çərçivəsində taxıl təchizatını vaxtında şaxələndirdiyindən, bu sahədə ən ciddi uğurunu da məhz qarabaşaq tədarükündə əldə edib: “Əvvəla, öz yerli imkanlarımızı bu sahədə səfərbər edə bilmiş və 2018-ci ildə Azərbaycanda ilk dəfə qarabaşaq istehsalına başlamışıq. Məlumata görə, Ağsunun Ləngəbiz kəndi ərazisində ilk dəfə qarabaşaq yetişdirilib”.

Günel CƏLİLOVA

Son xəbərlər