Subsidiya almaqla bağlı müraciət edən fermerlərin 50 faizi sığortalanmaıb. Aqrar Sığorta Fondu da bəyan edib ki, sığortalanmayan fermerlərə subsidiya verilməyəcək. Gələn ay da müraciətlə bağlı vaxt başa çatır.
Belə ki, elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçən və subsidiya üçün müraciət edən fermerlər dekabrın 30-na qədər əkinlərini sığorta etməsələr, subsidiya ala bilməyəcəklər. Çünki Prezident İlham Əliyevin fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya Qaydaları”na dəyişiklik edilib. Yeniliyə əsasən, 7 bitki növü, o cümlədən buğda və arpa üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidir. Sözügedən məhsulları əkən fermerlər 10 hektar əraziyə malikdirsə, əkin subsidiyası almaq üçün mütləq qaydada sığorta müqaviləsi bağlamalıdır. Aqrar Sığorta Fondu bəyan edib ki, sığorta müqaviləsi bağlamayan fermerlər subsidiya ala bilməyəcək.
Məlumat üçün qeyd edək ki, sığorta haqqı elə də yüksək deyil. Bir hektar taxılın sığorta haqqı 12 manat təşkil edir. Bunun 6 manatını fermer, digər 6 manatını isə dövlət fermerin əvəzinə ödəyir. Ancaq elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçən fermerlərin yalnız 50 faizi sığorta müqaviləsi bağlayıb. Yerdə qalan hissə 30 dekabra qədər sığorta müqaviləsi bağlamasa, subsidiya ala bilməyəcək. Onsuz da bizdə aqrar sektorun gəlirləri aşağıdır, qiymətlərin qalxmaı ilə əlaqədar fermerlərin zərəri artıb. Bu tərəfdən də sığorta tələbi vəziyyəti daha da çətinləşdirir. Məsələnin maraqlı tərəfi odur ki, fermerlər nəyə görə buna maraq göstərmir.
“Sığorta mədəniyyəti bizim fermerlərdə hələ formalaşmayıb”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-alim, professor Əli Əlirzayevin fikrincə, səbəblər müxtəlifdir: “Əvvəla, sığortasız fermerlərin subsidiyadan məhrum edilməsi məhsul istehsalına müəyyən mənfi təsir göstərəcək. Çünki istər-istəməz bu, onların fəaliyyətinə təsir edəcək. Fermerlər müxtəlif səbəblərdən əkin sahəsini sığortalamaq istəmir. Bir səbəbi odur ki, fermer gəlir götürmədən əkin sahəsini sığortalamaq istəmir. Elə fermrlər var ki, qabaqcadan bunu etməyə imkanı yoxdur. Elələri də var ki, risqə getmək istəmir. Fikirləşir ki, bəlkə məhsul olmadı, əkin əkəcək, yoxsa əkməyəcək. Başqa bir tərəfdən, sığorta mədəniyyəti bizim fermerlərdə hələ formalaşmayıb. Bununla bağlı bir sıra obyektiv və subyektiv problemlər var. İndi birdən-birə inzbati metodlar işə salındığı üçün məsələ daha da aktuallaşıb. Ona görə də hesab edirəm ki, fermerləri buna hazırlamaq lazımdır. Çünki birdən-birə bütün fermerləri buna məcbur etmək çətindir”.
Professor hesab edir ki, digər metodlar barədə də düşünmək olar.
Vidadi ORDAHALLI