Tibb müəssisələrinin vergi ödəmə qaydalarına dəyişikliklərin edilməsi təklif edilir. Bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin ötən iclasında çıxış edib.
O bildirib ki, Azərbaycanda tibb müəssisələri dörd fərqli sistemlə işləyir: “TƏBİB-in nəzdində fəaliyyət göstərən, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən, ayrı-ayrı dövlət qurumları nəzdində fəaliyyət göstərən tibb müəssisələri və özəl tibb müəssisələri. Bunlar hamısı tibb müəssisələri olsa da, onların vergi ödəmə qaydaları tam fərqlidir və ona görə də bunlar arasında vergi ödəmələrdə böyük fərqlər yaranıb. Bu fərqin aradan qaldırılması məsələsinə baxılması məqsədəuyğun ola bilər”.
Qeyd edildiyi kimi, tibb müəssisələri fərqli qaydada vergi ödəyir. Maraqlıdır, bu fərq necə aradan qaldırıla bilər?
“İstənilən tibb müəssisəsinin intizamlı vergi ödəyicisi olması üçün vergi inzibatçılığı ilə bağlı islahatlar aparılmalıdır”
Iqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, 2019-cu Vergi Məcəlləsinə dəyişiklik edildi. Həmin dəyişiklikdən sonra tibbi xidmət verən təşkilatlar və səhiyyə ocaqlarında monitorinq aparıldı. Monitorinq zamanı özəl tibb mərkəzlərində kassa aparatları və pos-terminallarda gəlirlərin rəsmiləşdirilməməsi müəyyən olundu: “Həmçinin, tibbi müəssisələrin həkimlərlə əmək müqaviləsi bağlamaması da aşkar olunmuşdu. Monitorinq zamanı özəl tibb müəssisələrinin vergidən yayınması faktı aşkar edildi. Ümumiyyətlə, özəl klinikaların vergidən yayınması ilə bağlı məsələlər dəfələrlə ictimailəşdirilir. Vergidən yayınma müəyyən məbləğdən yuxarı olduqda cinayət məsuliyyəti yaradır. Ancaq ilk dəfə belə hallar baş verərsə, ödənilməyən vergi məbləği və onun faizi ödənilirsə, bu halda cinayət məsuliyyəti aradan qalxır. Ancaq istənilən halda, vergidən yayınma varsa, cərimələr və faizlər gəlir. Vergi ödəməyən vətəndaş və ya sahibkar bilməlidir ki, cərimə ödəyəcək. Bəzən isə ağır cəzalar verilə bilər. Cinayət Məcəlləsinin 213-cü maddəsi vergiləri, işsizlikdən sığorta və ya məcburi sığorta haqlarını ödəmədən yayınma ilə bağlıdır. Vergi orqanları özəl klinikalarda vaxtaşırı yoxlamalar aparmalıdır”.
Iqtisadçının sözlərinə görə, bu sahədə yaşanan problemlərin çözümü üçün islahatların aparılmasına ehtiyac var: “İstənilən tibb müəssisəsinin intizamlı vergi ödəyicisi olması üçün vergi inzibatçılığı ilə bağlı islahatların aparılmasına ehtiyac var. Belə olarsa, tibb sahəsində yaşanan vergi problemi həll olunar”.
Günel CƏLİLOVA