“Gələn il böyük bir paket həyata keçiriləcək. Əməkhaqları 8 faizdən çox artırılacaq. İnflyasiya isə 4 faiz olacaq”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin noyabrın 17-də keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
Məlumdur ki, bu gün ölkədə qiymət artımı müşahidə edilir. Qiymət artımının daha da artacağı proqnoz edilir.
Maraqlıdır, belə olan halda artırılan əməkhaqları ilə mövcud bahalaşma adekvatdırmı və ilin sonuna 10 faiz proqnozlaşdırılan inflyasiya gələn il 4 faiz olacaqmı?
“Maaş və pensiyaların artması inflyasiyaya təkan versə də, süni qiymət artımı kimi amillər ortaya çıxır”
İqtisadçı-ekspert Əli Əlirzayev bildirdi ki, gəlirlərin artımı inflyasiya səviyyəsinə uyğunlaşır: “İnflyasiya neçə faiz planlaşdırılırsa, gəlir də o səviyyədə olmalıdır. Ancaq cari il ərzində inflyasiya hədsiz yüksəkdir. İnflyasiya, demək olar ki, 5 faizi ötüb. Ancaq əhalinin gəlirlərində artım qeydə alınmayıb. Maaş və pensiyaların artması inflyasiyaya təkan versə də, süni qiymət artımı kimi amillər ortaya çıxır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qiymət artımı tək Azərbaycanda deyil, bütün dünyada qeydə alınır: “Ümumiyyətlə, ölkəyə daxil olan mallar bahalaşıb. İkincisi, bizim istehsalımız daxili istehlak bazarını təmin etmək iqtidarında deyil. Eləcə də ölkə daxilində istehsal özü bahalaşıb. Bunun da səbəbi pandemiya ilə bağlıdır. Məlumdur ki, pandemiyaya görə bir sıra istehsal sahələri uzun müddət fəaliyyət göstərmədi. İstehsalın pandemiyaya qədərki vəziyyətə qayıtması müəyyən vaxt tələb edir. Gələn il əhalinin gəlirlərinin artırılması ilə bağlı ölkə başçısı sərəncam verib. Büdcə təşkilatlarında çalışanların minimum əməkhaqqı 300 manat olacaq ki, bu da vahid tarif cədvəlinə əsasən 680 min nəfərə yaxın şəxsin maaşlarının artmasına səbəb olacaq. Eləcə də pensiyalar da artırılacaq. Bunun necə həyata keçiriləcəyinin büdcə təsdiq olunduqdan şahidi olacağıq”.
Ekspert hesab edir ki, inflyasiya göstəricilərindən o qədər də qorxmağa ehtiyac yoxdur. İnflyasiyanı əslində iqtisadi artım göstəricisi kimi də qəbul etməliyik. İnkişaf etmiş ölkələrdə inflyasiya aşağı olanda hökumət narahat olur ki, demək ölkədə iqtisadi aktivlik aşağı səviyyədədir. Bizdə isə tərsinədir, inflyasiya qalxanda hamı narahat olur. Çünki bu bizdə iqtisadi aktivlik göstəricisi deyil.
Günel CƏLİLOVA