Bu ilin üç rübü ərzində Azərbaycan iqtisadiyyatı 4.8 faiz böyüyüb. Neftdənkənar sektorda artımın həcmi nisbətən daha yüksək - 6.2 faizdir. İlin ilk doqquz ayında ölkədə ümumi daxili məhsul istehsalının həcmi 62 milyard 877 milyon manata çatıb. Bu göstərici pandemiyadan öncəki - 2019-cu ildən də yüksəkdir. 2019-cu ilin ilk doqquz ayında ölkədə ÜDM-in həcmi 58 milyard 464 milyon manat idi.
Ancaq məsələnin paradoksal tərəfi odur ki, iqtisadi artım yüksək olsa da, bu artımlar əhalinin gəlirlərində öz əksini tapmır. Belə ki, bu ilin ilk üç rübündə əhalinin hər nəfərinə düşən nominal gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 1.5 faiz artıb. Çünki həmin müddət ərzində ölkədə inflyasiyanın 5.2 faizə yüksəldiyini nəzərdən qaçırmaq olmaz. Bu o deməkdir ki, nominal gəlirlər 1.5 faiz artsa da, əhalinin real gəlirləri 3.5 faizə yaxın azalıb. Yəni hazırda Azərbaycan vətəndaşının nominal gəlirləri onun dolanışığını ötən illə müqayisədə 3.5 faiz daha az təmin edə bilər. Əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi pandemiyadan öncəki 2019-cu ilin də gerisindədir. Bu ilin doqquz ayında həmin göstərici 4 min 219 manat idisə, 2019-da bu rəqəm indikindən 47 manat çox - 4 min 266 manat olub.
Maraqlıdır, ÜDM-nin artması əhalinin gəlirlərinin yüksəlməsində niyə özünü göstərmir?
“Bu səbəbdən əhalinin nominal gəlirləri artmır”
Sözügedən təzadlı məqama aydınlıq gətirən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda ÜDM-in artımı kəmiyyətə əsaslandığı üçün əhalinin nominal gəlirləri artmır: “Çünki tək neftin qiymətlərinin artması və ya azalması ÜDM-ə birbaşa təsir göstərir. Bu isə keyfiyyətli ÜDM istehsalı demək deyil. Bu, yalnız qiymətlərin oynaması nəticəsində rəqəmlərin dəyişməsidir. Ona görə də bu artımın əhalinin dolanışığına, gəlirlərin artmasına birbaşa təsiri yoxdur. Bu ilin yanvarından neftin dünya bazar qiyməti 70 dolların üzərindədir. İlin böyük hissəsində neftin qiyməti 70-80 dollar arasında dəyişdi. Bu, birbaşa ÜDM-nin artımında mühüm rol oynayan amilə çevrildi. Ancaq təəssüf ki, ÜDM-nin artması vətəndaşların birbaşa güzəranına təsir göstərən amilə çevrilmədi. Azərbaycanda ÜDM-nin ən sürətlə ardığı dövr 2007-2008-ci illərdir. Həmin dövrdə neft qiymətləri 100 dollardan yüksək idi. Neft qiymətləri artdığı dövrdə ÜDM-də fantastik göstəricilər var idi. Hətta 36-38 faizlik ÜDM-nin artım illərini yaşamışıq. Ona görə də bizdə ÜDM-nin artması keyfiyyət göstəricisi yox, kəmiyyət göstəricisidir. Ancaq neftin qiymətlərindən asılı olan kəmiyyət göstəricisinə çevrilib. Bu səbəbdən əhalinin nominal gəlirləri artmır”.
İqtisadçı-ekspert hesab edir ki, ÜDM-nin artması yalnız keyfiyyət göstəricilərinə əsaslandığı halda əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərəcək.
Vidadi ORDAHALLI