İlin əvvəlindən yanacağın, suyun qiymətinin artırılması növbəti aylarda qiymətlərin bahalaşmasına səbəb olub. Azərbaycan bazarında hissolunacaq dərəcədə bahalaşma var və bu proses davam etməkdədir. Xüsusilə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur.
Qeyd edək ki, süni qiymət artımının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Ancaq son zamanlar bazardakı süni qiymət artımının qarşısını almaq istiqamətində bu qurumun fəaliyyəti müşahidə olunmur. Adıçəkilən qurum bahalaşmaya nə nəzarət, nə də müdaxilə edə bilir.
“Qanunların zəif olduğu şəraitdə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti effektli işləmir və işləməyə də qadir deyil”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, hökumət istehlakçı hüquqlarını qorumaq istəyirsə, bazarda monopoliyanın qarşısını almaq istəyirsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumunu müstəqil qurum etməli idi: “Yəni hökumət bu qurumu İqtisadiyyat Nazirliyinin tərkibinə verməklə səhvə yol verdi. Çünki İqtisadiyyat Nazirliyinin əsas məqsədi biznesi inkişaf etdirməkdir. İstehlakçı hüquqlarının qorunması fəlsəfəsi isə biznesin nöqsan cəhətlərini tənqid edib, onlara təzyiq göstərməkdir. Burada maraqlar konflikti var. İqtisadiyyat Nazirliyinin tərkibində elə bir qurumun olması absurddur. Buna görə də qurum effektli işləyə bilmədi. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini pis qiymətləndirirəm. Dəfələrlə qurumun fəaliyyətini tənqid etmişəm”.
Birlik sədri onu da əlavə etdi ki, ölkə prezidenti bütün iqtisadi çıxışlarında qeyd edib ki, ölkədə inhisarçılar var. 10 ildən artıqdır ölkədə antiinhisar məcəlləsi də qəbul olunmur: “Qanunların zəif olduğu şəraitdə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti effektli işləmir və işləməyə də qadir deyil”.
Günel CƏLİLOVA