“Muğanbank”ın vətəndaşlara qarşı dələduzluq əməlləri barədə xəbələr yayılıb. Belə ki, həmin bankdan istiqraz alan vətəndaşlar iddia edir ki, 10 illik alınan istiqrazlar heç bir bildiriş, xəbərdarlıq edilmədən ləğv edilib.
Halbuki, həmin istiqrazın üzərində qeyd olunub ki, etibarlılıq müddəti 10 ildir. Ancaq məlum olur ki, vətəndaşların xəbəri olmadan, 10 il bitməmiş həmin istiqrazlar ləğv edilib. Bununla bağlı müraciət edən vətəndaşlara istiqrazın faizi belə ödənilməyib.
“İstiqraz bankın vətəndaş qarşısında borcudur, necə ki, vətəndaş banka əmanət qoysaydı, orada da eyni şərtlərdir”
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, 10 il ərzində bank vətəndaşa bu istiqraz üzrə faiz dərəcəsini mütləq ödəməlidir: “İstiqraz bankın vətəndaş qarşısında borcudur. Necə ki, vətəndaş banka əmanət qoysaydı, orada da eyni şərtlərdir. Yəni bank vətəndaşa deyə bilməzdi ki, gəl öz qoyduğun əmanəti vaxtından əvvəl götür. Belə şey ola bilməz. Yəni istiqraz ləğv olunubsa belə, vətəndaşın pulu geri qaytarılmalıdır. Çünki vətəndaş ona görə pul verib. Onun pulunu bank geri qaytarmalıdır. Bunun üçün vətəndaş öncə yazılı şəkildə həmin banka müraciət edib, pulunu tələb etməlidir. Eyni zamanda, Mərkəzi Banka da şikayət edə bilər. Çünki Mərkəzi Bank həm bank, həm də qiymətli kağızlar bazarına nəzarət edən orqandır. Yəni Mərkəzi Bankdan da xahiş edə bilər ki, tədbir görsünlər. Birinci təyin etsinlər ki, istiqrazı bank ləğv edə bilərmi? Həqiqətən ləğv edə bilərdisə belə, vətəndaşın pulunu geri qaytarmalıdır. Bank və Mərkəzi Bank tədbir görməzsə, onda vətəndaş həmin bankı məhkəməyə verməlidir”.
Günel CƏLİLOVA