“İstehsalı lokallaşdıra bilməməyimiz səbəbindən idxal inflyasiyası, hətta Azərbaycanda istehsal olunan bir sıra məhsullarda da öz əksini tapır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir ərzaq qiymətlərindəki artımı əsasən xarici amillərlə əlaqələndirib: “Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə, xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa belə, qiymətlərlə bağlı bir təzyiq var”.
Maraqlıdır, nazir bu fikirləri hansı əsaslarla deyir? “Azərbaycanda istehsal olunan məhsullara belə, qiymətlərlə bağlı bir təzyiq var” deyərkən məhz nəyi nəzərdə tutur?
“Bazar iqtisadiyyatı sistemi şəraitində qiymətlər tələb və təklifin əsasında formalaşmalıdır, ancaq Azərbaycanda vəziyyət fərqlidir”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov dedi ki, istehsalda qiymətlərə müdaxilə olunmamalıdır: “Bazar iqtisadiyyatı sistemi şəraitində qiymətlər tələb və təklifin əsasında formalaşmalıdır. Təəssüf ki, Azərbaycanda vəziyyət fərqlidir. Bizdə qiymətlər əsasən süni yolla artırılır. Belə olan halda hökumət məcbur olub istehlak bazarında qiymətlərin süni şəkildə qalxmamasına təzyiq göstərir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın daxili istehlak bazarı əsasən idxal məhsullarından ibarətdir: “İdxal məhsulları üzrə xaricdə qiymətlərin hansı şərtlər əsasında formalaşmasından asılı olmayaraq, bu hal daxili istehlak bazarına təsir edir. Azərbaycandakı inflyasiya əsasən idxal inflyasiyasıdır. Ölkəyə idxal olunan məhsulların qiymətləri dünya bazarı ilə tənzimlənir. Dünya bazarında isə qiymət artımı danılmazdır. Yəni 2021-ci ildə gözlənilən idi ki, dünya iqtisadiyyatındakı böhran bu inflyasiya artımına gətirəcək. Və biz bunun şahidi oluruq”.
Günel CƏLİLOVA