Gələn il üçün işsizlərin Sığorta Fondunun vəsaitləri artırılsa da, işsizlərin sığortasına ayrılacaq vəsait azalacaq. İşləyənlərin və işəgötürənlərin ödənişləri hesabına formalaşan işsizliyə görə sığorta fondunun 2022-ci il üçün gəlirlərinin 23 milyon manatadək artırılıb 180 milyon manata çatdırılması nəzərdə tutulsa da, ondan işizlərin faydalanması imkanları məhdud olaraq qalmaqdadır.
Problem ondadır ki, 2019-cu ildə işsizliyə görə sığorta ödənişinin maliyyələşdirilməsi üçün 11 milyon manat vəsait ayrılıb. Ancaq il ərzində həmin vəsaitin cəmi 20,9 faizi və ya 2,3 milyon manatı istifadə edilib. 2020-ci ildə 10 milyon manat nəzərdə tutulsa da, onun 1,9 milyon manatı xərclənib. 2021-ci ildə bu məqsədlə 13 milyon manat nəzərdə tutulsa da, onun 8,5 milyon manatı xərclənib. 2022-ci ildə işsizliyə görə sığorta ödənişləri üzrə təyinat 8,5 mln. manat proqnozlaşdırılır ki, bu da bütövlükdə Fondun xərclərinin vur-tut 4,7 faizini təşkil edir. Məlum olur ki, həm işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulan vəsaitlər tam xərclənmir, həm də işsizlərin adı ilə yığılan və formalaşdırılan Fondun heç 5 faizi də işsizlərə sığorta üçün xərclənmir. Bütün bunlar nə dərəcədə məntiqlidir və səbəbi nə ilə bağlıdır?
“Pandemiya ilə bağlı ölkədə işsizlərin sayı artıb”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bu sahədə başlıca problem sözügedən imtiyazlardan istifadə ilə bağlı maariflənmə səviyyəsinin aşağı olması ilə bağlıdır: “Problem ondadır ki, bizdə sığorta ilə bağlı məsələlər tam oturuşmayıb. Hüquqi baxımdan bütün normativ hüquqi sənədlər o qədər də yerində deyil. Bu səbəbdən işsizliklə bağlı sığorta vəsaitlərini bəzən verirlər, bəzən heç vermirlər. Problem həm də ondadır ki, bu sahədə maariflənmə sistemi, müraciət səviyyəsi aşağıdır. O baxımdan bu o demək deyil ki, büdcədə sözügedən məqsədlə ayrılan vəsait bilərəkdən xərclənmir. Sadəcə, maariflənmə problemi var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda işsizliyin səviyyəsi azalmayıb. Pandemiya ilə bağlı ölkədə işsizlərin sayı artıb. Bu, tək Azərbaycanda müşahidə edilən tendensiya deyil. Bütün dünyada oxşar vəziyyət hökm sürür. Ancaq problem ondadır ki, bizdə bu qəbildən olan imtiyazlardan istifadə qabiliyyəti çox aşağıdır. Bunun da müxtəlif səbəbləri var. Bir səbəbi ondan ibrətdir ki, illərlə bu kimi məsələlərin nizamlanmasına yetərincə diqqət yetirilməyib. İşsizlərin belə məsələlərlə bağlı maariflənmə səviyyəsi aşağıdır. Başqa bir problem odur ki, bizdə işsizlərlə bağlı avtomatlaşdırılmış idarəetmə sistemi yoxdur. Ancaq bir çox Qərb ölkələrində bu belə deyil. Burad vətəndaş işini itirərsə, onun sosial sığorta nömrəsi avtomatik olaraq hərəkətə gəlir. Buna görə işsizə müəyyən ödəmələr olur”.
Bir sözlə, ekspert hesab edir ki, Azərbaycanda bununla bağlı bir sıra görüləsi işlər var.
Vidadi ORDAHALLI