“Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda, bir qəpik də olsun, artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu tamamilə əsası olmayan uydurmalardır”. Bunu maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkən deyib. O bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı danışıb.
Nazir deyir ki, heç bir ərzaq məhsulunun rüsumunda, bir qəpik də olsun, artım yoxdur. Bəs onda ərzaq məhsullarının qiymətində gedən sürətli bahalaşmanı kimlər yaradır, niyə qiymətlər “ceyran belinə” qalxıb?
Ekspertlər qeyd edir ki, Azərbaycanda günü-gündən ərzaq məhsullarının qiymətində artım özünü göstərir, bunun hər gün dükan və supermarketlərdə şahidi oluruq, dünən 5 qəpiyə aldığımız bir məhsulu bu gün ondan baha qiymətə alırıq. Ekspertlərin sözlərinə görə, Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin bahalaşması faktdır, bunu araşdırmaq və süni bahalaşma yaradanları cəzalandırmaq aidiyyəti dövlət qurumlarının işidir.
“İdxal-ixrac əməliyyatlarında süni maneələr, rüşvət halları ölkənin ticarət sektorunda problemlər yaradır”
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirdi ki, bahalaşma sürətlə gedir: “Samir Şərifovun yəqin ölkədən xəbəri yoxdur. Necə yəni ərzaq məhsullarının qiymətinə təsir edən rüsumlarda artım yoxdur? Suyun, elektrikin, təbii qazın, yanacağın qiymətinin son illərdə mütəmadi olaraq artırılması ərzaq məhsullarının qiymətinə çox ciddi təsir edir. Konkret olaraq məhsulların maya dəyəri artır. Rüsumlar deyəndə nəyi, hansıları nəzərdə tutur? Demək istəyir ki, bu davamlı bahalaşma sünidir? Xeyr, cənab nazir, bu tam təbiidir. Kəndli, fermer, ərzaq istehsalçısının xərcləri durmadan artır, onlar da zərərə satmalı deyillər, həmin xərcləri məhsulun qiymətinə əlavə etməlidirlər və bunda tam haqlıdırlar”.
E.Bayramlı qeyd etdi ki, bahalaşmaya başqa təsirlər də var. “Bu, Kənd Təsərrüfatı Nazirliyi və idxal monopolistləri tərəfindən yerli istehsalın sıradan çıxarılması cəhdi, ölkə bazarlarının xarici məhsulla doldurulması kimi səbəblərlə də bağlıdır. Burada Gömrük Komitəsinin də rolu var. İdxal və ixrac əməliyyatlarında süni maneələr, rüşvət halları ölkənin ticarət sektorunda problemlər yaradır. Ümumiyyətlə, hesab edirəm ki, hazırda davam edən bahalaşma tam təbiidir və bu birbaşa və dolayısı ilə enerji daşıyıcıları, kommunal təchizatlar, nəqliyyat tarifləri və digər xidmət haqlarında bahalaşmanın təsiri ilə bağlıdır. Bu səbəbdən nazirin dediklərini ciddi qəbul etmirəm, bunu konkret olaraq yalan açıqlama adlandırmaq olar”-deyə E.Bayramlı qeyd etdi.
İradə SARIYEVA