Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda oktyabrın sonunda pul bazasının həcmi yeni rekord səviyyəyə yüksəlib. 2021-ci ilin oktyabr ayında ölkəmizdə pul bazası 122,5 milyon manat artaraq 14 milyard 621,2 milyon manata yüksəlib. 10 ay ərzində pul bazası 1 milyard 57 milyon manat artıb.
Qeyd edək ki, ötən ilin dekabr ayının 30-da bu rəqəm 13 milyard 564.2 milyon manat olub. Məlumat üçü onu da bildirək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
O da bəllidir ki, son illər ölkədə nağdsız əməliyyatların həcminin artması istiqamətində müəyyən işlər görülür. Maraqlıdır, nağdsız ödənişlərə keçərkən dövriyyədə olan nağd pul niyə artıb?
“Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq nağd vəsaitlərin həcmi artıb”
İqtisadçı Kamran Məmmədli bildirdi ki, Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq nağd vəsaitlərin həcmi artıb: “İnflyasiyanın tədricən artması, manatın alıcılıq qabiliyyətinin azalması məcburi halda pul kütləsinin artımına şərait yaradır. İnflyasiya meylləri uzunmüddətli, davamlı olanda təbii olaraq pul kütləsi artır. Tələbatın ödənilməsi üçün, məsələn, insanların saxladığı ehtiyat vəsaitləri dövriyyəyə girir. Bu da ümumi olaraq kütlənin həcmini artırmış olur.
Manata olan təzyiqin artması, manatın dəyərdən düşməsi pul kütləsinin artmasına gətirib çıxarır. Pul kütləsinin artması isə avtomatik olaraq yenidən inflyasiyanın artmasına şərait yaradır”.
Iqtisadçı hesab edir ki, nağd pulun artmasına əhalinin bank xidmətlərindən istifadəyə dair biliklərinin zəif olması, banklara etibarın aşağı olması və münasib infrastrukturun yoxluğu, topdan və pərakəndə satışın əsasən nağd pulla aparılması, bazar və küçə ticarətinin miqyasının böyüklüyü və s. təsir edir.
Günel CƏLİLOVA