Zemfira Meftaxetdinova: “Azərbaycanın polis idmançılarının yarış təcrübələri ildən-ilə artır”

Bu yaxınlarda DİN İdman Cəmiyyətində qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması üzrə güc çoxnövçülüyü yarışı keçirilib.
Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkəmizdə bu idman növündə daxili işlər orqanları əməkdaşları arasında yarışların müntəzəm keçirildiyini, onların asudə vaxtlarında bu idman növü ilə məşğul olduqlarını, əməkdaşların hazırlıq səviyyəsinin daha yüksək nəticələrə ümid etməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə yarış təcrübələrinin artdığını diqqətə çatdırıb.
Əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır tanınır. İdman daşlarının qaldırılması hərəkəti də vaxtilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi müəyyən edən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır. Fiziki gücü yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə11 komandadan 100-dək idmançı qələbə uğrunda mübarizə aparıb.
Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Naxçıvan MR DİN, Əlahiddə Çevik Polis Alayı və DİN Daxili Qoşunlarının Baş İdarəsinin əməkdaşları qərarlaşıb.
Yarışı İdman Təlimi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idarə edib.
Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.