Mayın 28-də “Zirvə” idman zalında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Pauerliftinq üzrə beynəlxalq turnirə start verilib.
Üç gün davam edəcək yarışda müxtəlif çəki dərəcələrində 250-dən çox yerli və xarici idmançı gücünü sınayır. Bu idman növü, kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında “zərif güclü”lərimizin sayının və onların göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.
Artıq yarışın ikinci günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz qadınlar arasında ştanqı sinədən qaldırma (benç-press), oturub-durma (squat) və qurşağadək dartma (dedlift) hərəkətlərində ümumilikdə 295 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medallarını qazanıb.
Polis leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı