Noyabrın 10-dan 12-dək Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparıb.
Şərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıb. Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanan güləşçilərimizin sonuncu qarşılaşması Rusiya ilə olub. Buna qədər isə Rusiya komandası da hər iki görüşü qələbə ilə başa vurub. Final xarakteri daşıyan Rusiya-Azərbaycan qarşılaşması 5:3 hesabı ilə ev sahiblərinin qələbəsilə başa çatıb. Azərbaycan yığması isə turniri ikinci sırada tamamlayıb. Millimizin heyətində güləşən DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin inspektoru, polis polkovnik-leytenantı İlham Mustafayevin hazırladığı Əli Rəhimzadə çəkisi 61 kiloqramadək olan güləşçilərin yarışında uğurla çıxış edərək gümüş mükafata sahib olub.
Yeddi idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz Rusiya, Ukrayna və Rumıniya güləşçiləri ilə yarışıb. 8 çəki dərəcəsində keçirilən yarışda qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən güləşçilərimiz son görüşdə Rusiyaya uduzub və turniri üçüncü sırada tamamlayıb. Onların arasında Sumqayıt ŞPİ-nin polis nəfəri, polis baş serjantı Tural Əliyevin yetirməsi, çəkisi 48 kiloqramadək qadın güləşçilər arasında yarışan Türkan Nəsirova bürünc mükafata sahib olub.
Xəyalə MƏMMƏDOVA DİN Mətbuat Xidmətinin əməkdaşı